Azərbaycanın ən aktiv kredit təşkilatlarından olan “FINOKO” Bank Olmayan Kredit Təşkilatı nizamnamə kapitalını son 3 ayda 2 milyon 600 min manat artırılaraq indiki 2 milyon 255 min manatdan 4 milyon 855 min manata çatdırıb. Bu, son 4 ay ərzində “FINOKO” BOKT-un nizamnamə kapitalında baş verən ikinci böyük artımdır.
Xatırladaq ki, mart ayında şirkətin nizamnamə kapitalı 1 milyon 255 min manat artırılaraq 1 milyon manatdan 2 milyon 255 min manata qaldırılmışdı. İndi isə kapital 4 milyon 855 min manata çatdırılıb. Başqa sözlə, ötən dövrdə şirkətin nizamnamə kapitalında 5 dəfəyə yaxın artım var.
“FİNOKO” BOKT-un müştərilərlə əlaqələr üzrə direktoru Böyükağa Məmmədovun FED.az saytına verdiyi məlumata görə, nizamnamə kapitalının artımı BOKT-un öz təsisçiləri tərəfindən paylara uyğun olaraq həyata keçirilib və bu artım nəticəsində pay bölgüsündə dəyişiklik olmayıb. Məqsəd «FINOKO» BOKT -un bazardakı mövqeyinin daha da möhkəmləndirilməsi, dayanıqlığının və rəqabət qabiliyyətinin artırılması, müştəri etimadının gücləndirilməsidir.
O bildirib ki, şirkət sərəncamına aldığı vəsaitlərlə xidmət şəbəkəsini genişləndirmək və kredit portfelini böyütmək fikrindədir. Nizamnamə kapitalının artımı nəticəsində «FINOKO» BOKT-un məcmu kapitalı da böyüyərək hazırki 5 milyon 173 min manatdan 7 milyon 773 min manata çatacaq.
Qeyd edək ki, bu gün bəzi mətbu orqanlarda «FINOKO» BOKT-la bağlı xəbər dərc edilib.
Xəbərdə bildirilir ki, “FİNOKO” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2017-ci ilin sonlarına yaxın aldığı BOKT-u - “Union Kredit” MMC-ni satıb. Alqı-satqı 2018-ci ilin noyabr ayında baş tutub. Belə ki, “Finoko” 1 il ərzində “Union Kredit”in Tovuz rayonundakı işçi və müştəri bazasında yerli filialını yaradıb, bundan sonra isə kredit təşkilatı başqa bir hüquqi şəxsə satılıb.
Şirkət rəsmisi B.Məmmədov bu xəbərə də öz mövqeyini bildirib. O qeyd edib ki, bu gün dərc edilən xəbər olduqca köhnə və bir il bundan əvvəl şirkətdə baş vermiş sıradan bir alqı-satqı proseduru olub.
Xatırladaq ki, 2014-cü ilin dekabrından fəaliyyətə başlamış «FINOKO» BOKT-un hazırda 3 fəlialı fəaliyyətdədir. Bunlar «Ekspress Yasamal», «Ekspress Tovuz» və «Ekspress Qazax»dır. İlin sonunadək isə BOKT-un daha 4 filialının işə düşməsi, bununla da şəbəkənin sayının 7-yə çatdırılması nəzərdə tutulur. Artıq gələn aydan BOKT-un Göyçay rayonunda növbəti filialının açılması istiqamətində işlərə başlayacaq. Sentyabrda isə Sumqayıt filialının işə düşməsi gözlənilir. Qeyd edək ki, «FİNOKO» BOKT regionların payına düşən kredit portfelini ciddi surətdə artırmağı planlaşdırır. Şirkət mikrokreditlər, biznes kreditləri, istehlak kreditləri, kənd təsərrüfatı və lombard kreditləri kimi məhsullar təqdim edir.
“FİNOKO”BOKT-da inkişaf davam edir - Nizamnamə kapitalı kəskin artırıldı - YENİLƏNİB
15:39
28 İyun 2019