Azərbaycanın aparıcı qeyri-bank kredit təşkilatlarından olan «Finex Kredit» Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC-nin rəhbərliyində dəyişiklik olub.
“Finex Kredit” BOKT-da növbədənkənar yığıncaq keçiriləcək, mühüm iştirak payı müzakirə olunacaq
FED.az xəbər verir ki, sentyabrın 6-da «Finex Kredit» BOKT ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.
İclasda BOKT-un Müşahidə Şurasının tərkibinin dəyişməsi ilə bağlı məsələ müzakirə edilib və bu barədə qərar qəbul edilib.
Səhmdarların Ümumi Yığıncağının qəbul etdiyi qərara əsasən Qurbanova Sevinc Nəsrəddin qızı «Finex Kredit» BOKT ASC-nin Müşahidə Şurasının sədri təyin edilib. O bu vəzifədə Azad Cavadovu əvəz edib. Sevinc Qurbanova yeni təyinatınadək Azərbaycan Mərkəzi Bankın inzibatçısı olaraq «Finex Kredit» BOKT-da maliyyə departamentinin rəhbəri və İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.
Qeyd edək ki, Sevinc Qurbanova maliyyə-bank sahəsində 35 illik peşəkar təcrübüəyə malikdir. O uzun müddət ölkənin aparıcı banklarında - ABB və "Kapital Bank"da yüksək vəzifələrdə, eləcə də Mərkəzi Bankın inzibatçısı olaraq "FİNEX KREDİT" BOKT ASC-də Maliyyə Departamentinin rəhbəri, İdarə Heyətinin üzvi olaraq çalışıb.
Eləcə də Səhmdarların ümumi yığıncağının qərarı ilə İsrafilov Etibar Nizaməddin oğlu «Finex Kredit» ASC Müşahidə Şurasının üzvü təyin edilib.
Qeyd edək ki, maliyyə sektorunda 20 ildən artıq karyeraya malik olan Etibar İsrafilov 2005-2006-cı illərdə Alman Azərbaycan Fondunda (GAF, KfW), 2006-2013-cü illərdə «DəmirBank» ASC-də kredit mütəxəssisindən şöbə müdirinədək müxtəlif vəzifələrdə, 2014–2016-cı illərdə «NAB Holding, TCF BOKT» ASC və «Qafqaz Lizinq» ASC-də şöbə müdiri vəzifəsində çalışıb.
2016-2017-ci illədə «Nikoyl Kommersiya Bankı» ASC-də şöbə müdiri, 2018-2021-ci illərdə «AFB BANK» ASC-də Anderraytinq Departamentinin Direktoru vəzifəsində, 2021-2023-cü illərd isə «Rabitəbank» ASC-də Anderraytinq Departamentinin Direktoru vəzifəsini icra edib.
Xatırladaq ki, «Finex Kredit» BOKT ASC 10.09.2013-ci ildə Mərkəzi Bankın verdiyi 14 saylı lisenziyası əsasında faliyyət göstərir.
2023-cü ilin sonuna BOKT-un cəmi aktivləri 3,94 milyon manat, cəmi öhdəlikləri 3,2 milyon manat, cəmi kapitalı isə 740 min manat təşkil edib. «Finex Kredit» BOKT 2023-cü ili 4166 manat xalis mənfəətlə tamamlayıb.