2025-ci ildə Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) cəmi aktivləri 1 milyard 243,6 milyon manata çatıb. FED.az biznes və maliyyə xəbərləri portalı maliyyə hesabatlarına istinadən xəbər verir.
Bu, əvvəlki ilin sonu ilə müqayisədə 250,3 milyon manat və ya 25,2% artım deməkdir.
Aktivlərin artımında əsas rolu kredit portfeli oynayıb. Müştərilərə verilən ümumi kreditlər bir ildə 236,8 milyon manat (29,3%) artaraq 1 milyard 45,1 milyon manata yüksəlib. Mümkün zərərlər üçün yaradılan ehtiyatlar (122 milyon manat) çıxıldıqdan sonra xalis kredit portfeli 923,1 milyon manat təşkil edib ki, bu da illik 206,2 milyon manat (28,8%) artım deməkdir.
BOKT-ların investisiyaları da bir ildə 14,8 milyon manat (17%) artaraq 102,1 milyon manata çatıb. Cari hesablar üzrə vəsaitlər 12,6 milyon manat (27,2%) artımla 58,9 milyon manat, nağd vəsaitlər isə 5,7 milyon manat, yəni təxminən 3,5 dəfə artaraq 8 milyon manat olub.
Xatırladaq ki, əvvəlki ilin sonunda BOKT-ların ümumi aktivləri 993,3 milyon manat, o cümlədən xalis kredit portfeli 716,9 milyon manat təşkil edirdi.










