“AZPUL Kredit” BOKT 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin 2022-ci ildəki ümumi mənfəəti və cəmi əməliyyat gəlirləri 7 milyon 459 min manatdan çox olub. Bu da 2021-ci illə müqayisədə 6 milyon 975 min manat, yaxud 15,4 dəfə çoxdur. Xatırladaq ki, 2021-ci ildə şirkətin əməliyyat gəlirləri 484 min manat idi.
2022-ci ildə “AZPUL Kredit” BOKT-un inzibati xərcləri cəmi 3 milyon 33 min manat olub. Bu xərclər son bir ildə 2 milyon 475 min manat və ya 5,4 dəfə artıb (2021-də 560 min manat olmuşdu).
Şirkətin vergidən əvvəlki mənfəəti 4 milyon 426 min manat olub, bundan 885 min manat mənfəət vergisi ödənilib.
Nəticədə “AZPUL Kredit” BOKT 2022-ci ili 3 milyon 540 min manat xalis mənfəətlə tamamlayıb. Halbuki, şirkət 2021-ci ildə 74 min manat zərərdə olmuşdu.
2022-ci ildə “AZPUL Kredit” BOKT şirkətinin aktivləri təxminən 9 milyon 357 min manatı keçib. Bu da 2021-ci illə müqayisədə 7 milyon 758 min manat yaxud 6 dəfəyə yaxın çoxdur
Şirkətin uzunmüddətli aktivləri təqribən 5 dəfə artaraq 467 min manata yüksəlib.
Qısamüddətli aktivalər isə 6 dəfə artaraq 8,9 milyon manat olub. Bunun 841 min manatını pul vəsaitləri və onların ekvivalentləri təşkil edir - əvvəlki illə müqayisədə 3,2 dəfə çoxdur.
“AZPUL Kredit” BOKT «çörək ağacı» - qısamüddətli debitor borcları (buna kredit portfeli də demək olar) 7 milyon 469 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisə də 6 milyon 465 min manat, yaxud 7,5 dəfə çoxdur, 2021-də bu göstərici 1 milyon manat olmuşdu.
2022-ci ildə «AZPUL Kredit» BOKT-un öhdəlikləri 5 milyon 747 min manata çatdırıb. 2021-ci illə müqayisədə 4 dəfəyə yaxın artım qeydə alınıb.
Öhdəliklərin böyük hissəsini 4 milyon 495 min manatı qısamüddətli kredit borcları təşkil edir- son bir ildə 3 dəfə artıb.
2022-ci ildə “AZPUL Kredit” BOKT-un kapitalı 3 milyon 610 min manatı ötüb. Bu da 2021-ci illə müqayisədə 52 dəfə çoxdur – 2021-ci ildə şirkətin yığılan zərərləri onun kapitalını 70 min manat endirmişdi.
Nizamnamə kapitalı isə dəyişməyərək 300 min manat qalıb.
Xatırladaq ki, Azərbaycanda 2020-ci ildən fəaliyyətə başlayan «AZPUL Kredit» BOKT əhaliyə kiçik məbləğdə – 20 manatdan 500 manatadək məbləğdə və qısamüddətli – 10-21 günlük kreditlərin verilməsi ilə məşğuldur. Kredit müraciətləri avtomatik qaydada baxılıb təsdiqlənir. Kredit faizi isə günlük 1-1,6% arasında dəyişir.