Keçən il “The New York Times” qəzeti Michio Kakunu Nyu-Yorkun ən savadlı insanlardan biri kimi qiymətləndirmişdi. Bu yapon mənşəli amerikalı fizik qara dəliklərin öyrənilməsi və kainatın genişlənməsinin sürətləndirilməsi sahəsində bir sıra araşdırmalar aparıb. Alim bir sıra kitabların müəllifi, BBC və Discovery-də verilişlərin aparıcısı kimi tanınır.
Kaku dünya şöhrətli müəllimdir, o, Nyu-York kollecində nəzəri fizika professoru olmaqla yanaşı, öz mühazirələri ilə dünyanın bir çox yerində səyahət edib. Son vaxtlarda Michio Kaku, “Pulun Hakimiyyəti” nəşrinə gələcək təhsili necə görəcəyinə dair müsahibədə öz fikrini bildirib.
FED.az müsahibəni təqdim edir:
– “Gələcəyin fizikası” kitabınızda siz təhsilin Google Glass kimi internet texnologiyaları və yüksək texnoloji cihazlara əsaslanacağını yazırsınız. Təhsil sahəsində digər qlobal dəyişikliklər baş verəcəkmi?
– Ən əsası odur ki, tədris artıq əzbərçilik əsasında qurulmayacaqdır. Tezliklə, Google Glass kompüter və eynəkləri bütün zəruri məlumatları yükləmək imkanı verən kiçik linzalara çevriləcək. Belə bir funksiyaya malik olan artırılmış reallıq eynəklərində artıq vardır. Buna görə, bir-iki ildən sonra imtahan verən məktəblilər və tələbələr suallara asanlıqla cavab verə biləcəklər. İnternet vasitəsi ilə onlar lazımı məlumatları rahatlıqla oxuya biləcəklər. Bir tərəfdən, beynin faydasız bilik ilə yüklənməsinin zəruriliyi olmayacaq, digər tərəfdən, zəka ehtiyatı düşünmək, təhlil etmək, mübahisə etmək və nəhayət doğru qərarlar qəbul etmək bacarığının inkişafına istiqamətlənəcəkdir.
– Belə çıxır ki, daha imtahanlara və müəllimlərə ehtiyacımız olmayacaq?
– Əlbəttə ki, biz daha müstəqil olacağıq, həyatımız üçün daha çox məsuliyyət daşıyacağıq və buna görə də heç bir “tənzimləyici qurum” a ehtiyacımız olmayacaq. İnsan yalnız lazımlı biliklərə yiyələnərək, özü özünü formalaşdırmağa başlayacaq. Məsləhətləşmə zərurəti yarandıqda, məsələn, onu “ağıllı” divardan ala bilər. Tezliklə süni intellekt texnologiyasına əsaslanan bu cür cihazlar hər yerdə yayılacaq: mənzillərdə, ofislərdə, küçələrdə. Artıq sadəcə divara yaxınlaşıb və “biologiya professoru ilə danışmaq istəyirəm” demək kifayət edəcək. Daha sonra sizə lazım olan bütün məlumatları verə biləcək bir alim çıxacaq. Belə bir sistem yalnız təhsil sahəsində deyil, digər sahələrdə də tətbiq olunacaq: tibb, hüquq, dizayn, psixologiya və s. Əlbəttə ki, cərrahlar kimi real mütəxəssislər lazımdır, lakin sadə məsələlər faktiki olaraq həll edilə bilər. Müəllimlərə gəldikdə isə, onlar “canlı” olaraq heç kimə lazım olmayacaqlar.
– Necə düşünürsünüz, insanlar onlayn təhsilə hansı müddət ərzində keçə biləcəklər?
– Diplomlara ehtiyacımız olmayacaq, buna görə onlar yox olacaqlar. Bunun əsas səbəbi isə təhsilin zaman və məkan kimi məhdudiyyətlərdən tezliklə azad olmasıdır. Çox güman ki, sertifikatlaşdırma mərkəzləri mütəxəssisləri ixtisas imtahanlarından keçirərək, onların bir sıra qabiliyyət və bacarıqları müəyyən edəcəklər. Nəticədən asılı olaraq, bu şəxs müəyyən bir vəzifəni alacaq və ya almayacaq. Yəqin ki, vaxt keçdikcə, onlar ümumiləşdirilmiş qiymətləndirmə sistemini də təqdim edəcəklər. Gələcəkdə yığılmış intellektual baqaj təhsil sisteminin əsas elementlərindən birinə çevriləcək və informasiya texnologiyaları isə insanın töhfələrini əlçatan və şəffaf edəcəklər.
– Böyüklərin müstəqil şəkildə maariflənməsi o qədərdə təəccüblü deyil, lakin uşaqlar nəzarət olmadan buna necə nail ola bilərlər?
– Uşaqların təhsil xidmətləri fəal şəkildə inkişaf etdiriləcəkdir. Önümüzdəki 10-15 ildə sistemdən kənar adlandırılan hər bir şeyin imkanları sərhədsiz olacaqdır. Xüsusilə, onlayn pedaqogika kimi xidmət olacaqdır. İnformasiya və kommunikasiya həlləri ilə dolu olan gələcəyin şəhərləri özləri də yeni təhsil mühitində aktiv iştirakçılara çevriləcəklər. Dərsliklər süni intellekt ilə təkminləşdiriləcək. Kitab özü hər bir tələbənin ehtiyaclarına uyğun olaraq fotoşəkillər, mətnlər, videolar, vəzifələr və sxemlər seçə biləcək. Bu cür inkişaflar var, onlar tədricən tətbiq olunur.
– Hal-hazırda, yaxşı mütəxəssis olmaq üçün bir sıra baza biliklərinə yiyələnmək və təcrübə yığmaq əsas şərtlərdən biridir. Bəs gələcəkdə müvəffəqiyyətli insan olmaq üçün nə etməli olacağıq?
– Əsl müvəffəqiyyətə nail olmağın yeganə yolu, robotlar üçün əlçatmaz olan bacarıqları özündə inkişaf etdirməkdir. Onlara yaradıcılıq, təxəyyül, təşəbbüs, liderlik bacarıqları aid olunur. Cəmiyyət tədricən əmtəə iqtisadiyyatından intellektual-yaradıcı iqtisadiyyata keçir.
– Mütəxəssislərin bir çoxları deyirlər ki, gələcəkdə iş yerlərinin əhəmiyyətli hissəsini robotlar tutacaqlar. Bəs insana yer qalacaqmı?
– Biotexnologiya, nanotexnologiya və süni intellekt sahələri daha pul tutumlu olacaqlar. Yalnız təhsil sistemi deyil, həm də iş sistemi dəyişəcəkdir. Tezliklə fabriklərdə heç bir insan belə qalmayacaq, lakin bununla yanaşı intellektual sahədə bir çox yeni ixtisaslar açılacaq. Ən vacibi isə vaxtında mövqeyi müəyyən etmək və diqqəti yeniliklərə yönəltməkdir. Bir çox insanların problemi odur ki, onlar kütləyə baxmadan tək bir addım belə ata bilmirlər. Gələcəkdə uğur qazanmaq istəyirsinizsə, yadda saxlamalısınız ki, digərlərdən fərqli olmaqdan qorxmaq lazım deyil. Həyatınız üçün tam məsuliyyət daşımağı, bir gündə hər şeyi dəyişdirməkdən qorxmamağı öyrənməlisiniz.
– İndiki dövrdə işsizliyin səviyyəsi olduqca yüksəkdir. Belə bir vəziyyətdə kimi günahlandırmalıyıq? Təhsil sisteminimi, yoxsa iqtisadi böhranları?
–Hazırkı təhsil sistemi keçmişin mütəxəssislərini hazırlayır. Onlara artıq mövcud olmayan bir işə getməyi öyrədirik. Buna görə də, dünyada işsizliyin faizi bu qədər yüksəkdir. Bir biznes sahibi məzunları nə üçün işə götürməlidir? Onlar nə lazımlı biliklərə, nə də təcrübəyə malik deyillər. Nəticədə, dünyanın lider şirkətlərində çalışanların əksəriyyəti 50-60 yaşlı insanlardı. Buna görə, hazırda təhsil mütəxəssisləri təbii elmlərdə gələcək texnologiyalarına birbaşa aid olan tədris proqramlarını radikal şəkildə nəzərdən keçirirlər.
– Heç də hər kəs intellektual fəaliyyətlə məşğul olmaq bacarıqlarına malik deyil. Bu cür insan hansı istedadlara malik olmalıdır ki, robotlar dünyasında sağ qala bilsin?
–Heç bir yüksək texnoloji robot insanı tam əvəz edə bilmir. Biz, həqiqətən, robotlardan düşündüyümüzdən daha çox üstünük. Məsələn, robotlar məcazi düşüncəyə sahib deyil, onlarda heç bir şüur, intuisiya yoxdur. Yaxın gələcəkdə indi intellektual sayılan ixtisaslar, “işlək” ixtisaslar kimi tanınacaq. Bunlara proqramlaşdırma, veb dizayn, 3D-dizayn aiddir. Bir insan nə ilə məşğul olursa olsun, o, ilk növbədə yaradıcı yanaşmaya, canlı təsəvvürə, dəyişən şəraitdə sürətlə hərəkət etmək kimi bacarıqları özündə inkişaf etdirməlidir.
– Müasir texnologiyaların inkişafı ilə insan intellektini hansı dəyişiklər gözləyir?
– 2050-ci ilə qədər insan şüurundan qat-qat üstün olan ali şüurun yaradılması ehtimalı olduqca yüksəkdir. Məsələn, yaxın vaxtlarda Avropanın Human Brain Project layihəsi çərçivəsində, bir qrup alimlər tərəfindən Big Brain adlı beyin xəritəsi yaradılmışdı. Bu anatomik atlas nevroloqların və neyrocərrahların işini asanlaşdırmaqla yanaşı, ciddi xəstəliklərə müdaxilə etməyə kömək edir, həmçinin beynin emosiyaların necə işlədiyini görmək imkanını verir. Yaxın gələcəyin texnologiyası – davamlı informasiya axını təmin edən beyin çipləridir.
Banker.az