İqtisadçı ekspert Samir Əliyev maliyyə naziri Samir Şərifovun bir neçə gün əvvəl manatın məzənnəsi ilə bağlı açıqlaması və bundan sonra başlanan müzakirələrə fikirlərini açıqlayıb. FED.az S.Əliyevin fikirlərini təqdim edir:
Maliyyə naziri Samir Şərifovun açıqlaması devalvasiya mövzusunu yenidən gündəmə gətirib. Xüsusilə də nazirin “manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq” fikri müxtəlif rəylərə yol açıb. Bəlkə də bu açıqlama 2 ay öncə - neftin hər barelinin 90 dollara yaxınlaşdığı bir ərəfədə verilsəydi ciddi reaksiya doğurmazdı. Ancaq indi 60 dollara qədər ucuzlaşıb, gah 58-ə düşür, gah da 62-yə qalxır. Əlbəttə son illər özünüqoruma instikti güclənmiş ictimai narahatçılıq da başa düşüləndir. Ən azı acı 2015-ci il təcrübəsi var. İlboyu verilən rəsmi açıqlamalara rəğmən manat dollara nisbətən dəyərini kəskin itirdi. Yeni təqvim ili isə bir qayda olaraq insanların düşüncəsində şaxta baba və yolkadan çox qiymət artımı assosiasiyasını yaradır. Təsadüfi deyil ki, hər ilin sonu “yanvarda manat ucuzlaşacaq” kimi fikirlər gündəmi zəbt edir.
ELƏCƏ DƏ BAX: Devalvasiya qaçılmazdır? – İqtisadçılar Samir Şərifovun “manat” çıxışını şərh edirlər
Qayıdaq maliyyə nazirinin məlum açıqlamasına. Belə baxanda nazirin bu fikri ilə razılaşmaq da olar, razılaşmamaq da. Belə ki, S.Şərifov bir tərəfdən həm də büdcə gəlirlərinin icrasına məsul olan Nazirliyə rəhbərlik edir. Devalvasiya büdcənin “doldurulmasının” ehtiyat yollarından biri hesab edilir. Buna görə də Mərkəzi Bankdan fərqli olaraq Maliyyə Nazirliyi devalvasiya tərəfdarı hesab olunur. Digər tərəfdən maliyyə naziri haqlı olaraq manatın mövcud məzənnəsinin (həm nominal, həm də real) ixraca problem yaratdığını, idxala isə dəstək verdiyini qeyd edir. Ölkəmizdə qeyri-neft sektorunu inkişaf etdirməyin əsas yolu ixracı stimullaşdırmaqdır. Azərbaycan bazarı kiçik olduğundan idxalı əvəzləmə siyasəti özünü müəyyən həddə qədər doğruldur, ona xarici bazarlarda “Made in Azerbaijan” nişanlı məhsulları artırmaq lazımdır. Bütün bunlar nazirin fikri ilə razılaşdığımız məqamlardır.
Bəs nədə razı deyilik? Doğrudanmı manatın ucuzlaşması ixracı stimullaşdıracaq? Və yaxud ixraca mane olan manatın məzənnəsinin yüksək olmasıdırmı?
Kiçik bir haşiyəyə çıxım. Yuxarıdakı cümlədə “devalvasiya” sözü ona görə işlətmədim ki, “üzən məzənnə” rejimində “devaluvation” olmur, “deprecation” olur kimi irad tutula bilər. Halbuki əhali üçün onun necə adlanmasının fərqi yoxdur. Çünki nəticə eynidir. Belə baxanda bəyəm bizdə “üzən məzənnə” rejimi mövcuddur?”
Mövzuya keçməzdən öncə fikrimi gücləndirmək üçün bir misalı qeyd edim. Məşhur “Financial Times” qəzeti 107 inkişaf etməkdə olan ölkələrdə milli valyutaların ucuzlaşmasının ixraca və idxala təsirini araşdırıb. Araşdırma 2013-2015-ci illəri əhatə edib. Araşdırmanın nəticəsi göstərib ki, milli valyutaların devalvasiyası ixracın artımına gətirməyib, əvəzində idxal azalıb.
Bəs, Azərbaycanda devalvasiyanın ixraca töhfəsi nə olub? Gömrük Komitəsinin rəsmi məlumatlarına inansaq, 2014-cü ildə dollar 78 qəpik olanda qeyri-neft ixracımız 1,8 milyard dollar olduğu halda 2017-ci ildə bu göstərici 1,6 milyard dollara qədər azalıb. Halbuki bu müddətdə 1 ABŞ dolları 1,7 manata qədər bahalaşıb. Bura hökumətin qeyri-neft sektorunu stimullaşdırmaq üçün genişmiqyaslı təşəbbüslərini də əlavə etsək nəticənin zəif olduğu görərik. Son iki ildə müşahidə edilən artımın nə qədər dayanıqlı olacağı da sual doğurur.
Devalvasiyasının ixracımıza təsirinin az olmasını əsas qeyri-neft ixrac tərəfdaşımız olan Rusiyada rublun ucuzlaşması ilə əlaqələndirə bilərik. Ancaq hamımız bilirik ki əsas səbəb fərqlidir. Rublun baha olması ən yaxşı halda meyvə-tərəvəz ixracımızı stimullaşdıra bilir. Əsas səbəb budur ki, ixrac etməyə neft-qazdan savayı az qala heç nəyimiz yoxdur. Hələki ki xammal ixrac edən, fərqi yoxdur neft və ya qeyri-neft, ölkə statusunda çıxa bilməmişik. Məhsullarımızın keyfiyyəti xırda istisnalarla rəqabət aparmaq gücündə deyil, məhsulun maya dəyəri bahadır. Digər səbəb idxaldan asılılığımızın yüksək olaraq qalmasıdır. Hətta ölkəni 100% təmin edən daxili istehsalın xammalını idxal edirik. Deməli, devalvasiya həm də ixracımızı bahalaşdırır. Daha üçüncü səbəb maliyyə sektorudur. Maliyyə sabitliyi təmin olunsa da kövrəkliyini saxlayır. Növbəti devalvasiya bank və sığorta şirkətlərini çətin vəziyyətə sala bilər. Bütün bu və digər amillər hökuməti çətin seçim vəziyyətində qoyur. Tərəzinin bir gözündə devalasiyanın tam təsdiq olunmayan ixrac faydası, digər gözündə artıq şahidi olduğumuz böyük zərəri durur. Hökuməti də bunu bilir, ona görə də Mərkəzi Bank müxtəlif alətlərdən istifadə edərək manatı üzməyə qoymur.
Tədiyyə balansının vəziyyəti və neftin hazırki qiyməti hələki manatı qorumağa imkan verir. Böyük ehtimalla hökumət imkan daxilində məzənnəni sabit saxlamağa çalışacaq. Ancaq hakimiyyətdə bununla bağlı vahid fikir yoxdur. Devalvasiya tərəfdarları və əleyhdarları var. Maliyyə nazirinin son dövrlər çıxışı birincilərin mövqeyi ilə üst-üstə düşür. Məhz bu məsələdə onun fikirlərini bölüşməməyə məcburuq. Növbəti devalvasiya, lap olsun yumşaq ucuzlaşma kövrək maliyyə sabitliyini poza bilər, faydası isə gözə görünməz. Neftin qiymətində əskin ucuzlaşma olmasa, hökumət manatın ucuzlaşması siyasətindən ən azı növbəti ildə də çəkinməlidir. Əsas diqqət isə struktur islahatlara yönəlməlidir, çünki yaxın gələcəkdə neft onsuz da ucuzlaşacaq, bu dəfə həmişəlik.