“Rokos” firması (Şimali Osetiya, RF) payızda Azərbaycana mebel tədarükünə başlayacaq.
Eləcə də bax: Pandemiyadan sonrakı dövrdə Azərbaycanın - Mebel Sənayesi Genişlənə Bilər
FED.az xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, Şimali Osetiya iş adamları Azərbaycana biznes missiyası çərçivəsində 30-a yaxın işgüzar görüş, o cümlədən RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov və Rusiya İxrac Mərkəzinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nuri Quliyevlə görüşlər keçiriblər.
Görüşlər nəticəsində cari ilin sentyabr ayından “Rokos” firması tərəfindən Bakıdakı mağazalar şəbəkəsinə mebel tədarükünü nəzərdə tutan müqavilə imzalanıb.
Daha iki tərəfdaş şirkətin mütəxəssisləri istehsal sahələri və gücləri ilə tanış olmaq üçün Vladiqafqaza səfər etməyi planlaşdırırlar.
Bundan başqa, digər Osetiya şirkətlərinin nümayəndələri azərbaycanlı iş adamları ilə uğurlu danışıqlar aparıblar. Hazırda ikitərəfli əməkdaşlığın detalları müzakirə olunur.
İxraca Dəstək Mərkəzinin rəhbəri Bela Osiptsova qeyd edib ki, Osetiya məhsulları Azərbaycanda böyük maraq doğurub. “Məhsullarımız böyük marağa səbəb olub. Nəticələrdən razıyıq. Ümid edirik ki, yaxın zamanlarda daha bir neçə müqavilə imzalanacaq”, - deyə o bildirib.