Günay Malikqızı yazır...
Bizim həkim yanına getməyimizə dair söhbət yadınızdadır?
Həkim “Azərbaycanlını birinci qəbul edəcəyəm, çünki böyük ehtimalla, artıq ölümcül haldadır, yoxsa yanıma gəlməzdi” deyir.
Bizim üçün bir çox məsələnin ağlamalı nəticəsi bu “gülməli” situasiyanı yaşamağımızla bağlıdır.
Əslində, belə baxanda yaşamağı da bacarırıq.
Dadlı yeyərik, gözəl musiqi dinləyərik, təhsil bizim üçün əhəmiyyətlidir, gəzərik, dostlarla vaxt keçirərik, düşünərik, oxuyarıq, nə bilim, imkan daxilində özümüzə yaxşı şərait qurmağa çalışarıq. Hətta vaxt tapanda başqalarının da həyatına “əl atarıq”. Amma bu haqda sonra...
Bircə həkimin yanına vaxtında getməklə bağlı məsələlərə bir cür əlimiz çatmır.
Eləcə də bax: Bircə ingilis dilini öyrənə bilsəydim
Bir neçə gündür ki, “Diqlas” ticarət mərkəzində yaşanan yanğının nəticələrini izləyir, xəbərlərə baxır, bir tərəfdən ölüm-itim olmadığına sevinir, digər tərəfdən isə sahibkarlara dəyən maddi ziyana görə təəssüflənirik.
Çünki yanan ticarət mərkəzi olmadı. Yüzlərlə insanın əməyi də yandı.
Ancaq yanmaya da bilərdi...
Daşınar əmlakın sığortalanması ilə yanmaya bilərdi.
Yanan mallar bu gün “Biz nə edəcəyik?” sualına cavab axtaranları bu qədər yandırmazdı.
“Ağıllı-ağıllı danışma, sənin malların orada yansaydı, neyləyərdin?” deyənləri elə aydın eşidirəm ki.
Mən ağıllı deyiləm, özü də heç...
Çünki ancaq bu yanğından sonra bildim ki, 100 000 (yüz min) AZN-lik daşınar əmlakın sığortası illik aşağı-yuxarı 300-500 AZN tuta bilər. Hətta bu məbləğı hissəli ödəmək də mümkündür.
Məsələn, neçə gündür, adi bir misalın cavabını tapa bilmirəm.
Ən azı 50 minlik mal sahibinin, heç olmasa bir o qədər də dövriyyəsi olduğunu düşünsək, bu insanın qazanc əldə etmək potensialını da sadaladıqlarımızın üstünə gəlsək, bu misalın gələcəyi barədə düşünən biri haqda çəkildiyini deyə bilərik.
Bəli, deyə bilərik, hətta deməliyik.
Ancaq gələcəyinə dair planlar quran, gəlir əldə edən birinin sığortalanmağı düşünməməsi bu adi misalın cavabını dalana dirəyir.
Sadə suallara cavab tapa bilməyən, dalana dirənən biri kimi bütün varlığımla yanğından zərər çəkən insanların çarəsizliyini duya bildim.
Digər tərəfdən isə bu çarəsizliyə özümüzün səbəb olduğumuz da görünür.
Çünki siz də yaxşı bilirsiniz ki, cərimələndiyimizi bilməsək, heç avtomobillərimizi də sığortalamarıq.
Təbii fəlakətlər, qəfil yaşanan bədbəxt hadisələrdən heç kim sığortalanmayıb.
Hamımızın başına gələ bilər.
Amma bu o demək deyil ki, biz heç hazırlıq görməməliyik.
Əslində, bəlkə də bizdən çox “qara gün” tədarükü görən ikinci bir millət yoxdur.
Bəzən uşaqların geyimindən, böyüklərin arzularından “qırtıb” qara günə tədarük görürük.
Amma o qara günə hələ də keçmişdən qalan - yastıq altı üsullarla hazırlaşırıq.
Qısası, mən özüm sığortalıyam. Amma həkimə, ağrım dözülməz halda olduqda gedirəm.
Ona görə də təəssüflə, hər işi ən sonda həll etməyə, əslində, asan həll variantlarını görməyənlərin başına gələnlərə bizdən uzaq deyə bilmirəm.
Biz ildə 300, yaxşı, ən çox 500 AZN ödəyib, malımıza sahib çıxmırıq. Niyə?
Axı icbari deyil.
Bu məsələ bizim öz ixtiyarımıza verilib. Biz bilərik, daşınar əmlakımızı, özümüzü sığortalamaq istəyirik, ya yox?
Kim qarışa bilər buna?
HEÇ KİM...
Amma gözlənilməz bədbəxt hadisələr HEÇ KİMlərin başına yox, sevdiklərimizin, qonşularımızın, bizimkilərin, özümüzün başına gəlir.
Bəlkə, hələ ümid var: bir gün bizim də haqqımızda həkimlər “onlar hələ növbədə dura bilərlər, özlərini qorumağı, sağlamlıqlarının və gələcəklərinin qeydinə qalmağı bacarırlar” deyəcəklər.