“Facebook” sosial şəbəkəsinin ən dadlı kulinariya qruplarının birində analoqu olmayan bir müsabiqə keçirilir.
FED.az xəbər verir ki, “Ulduzu təkrarla” adlanan müsabiqədə Azərbaycanın tanınmış simaları yeməklər hazırlayır, iştirakçılar isə həftə ərzində həmin reseptləri təkrarlayıb qrupda paylaşımlar edirlər. Həftənin sonunda məşhurlar ən yaxşı hesab etdikləri təkrarı seçib mükafatlandırırlar.
Artıq bir aydır ki, “Азербайджанская Кухня и не только” adlı “Facebook” qrupunda “Ulduzu təkrarla” müsabiqəsinə start verilib. Məşhur və sevilən müğənnilərmiz Samira AliMaryam, Samir Piriyev, ifaçı və parfümer ABD Malik, aparıcı və ssenarist Orxan Rzayev öz reseptləri ilə paylaşıb və onların təkrarlarını dəyərləndiriblər. Qeyd edək ki, hər həftə öz işləri ilə hamını təəccübləndirən müsabiqə iştirakçıları sözün əsl mənasında məşhurlarımızı məəttəl qoyublar. Məşhurların dili ilə desək, onlar üçün seçim etmək isə çox çətin olub.
Hər həftəsonu müğənnilərlə qalibləri seçən qrupun admini və müsabiqənin müəllifi Kübra Kərimlinin sözlərinə görə, müsabiqənin təşkil olunmasında məqsəd karantin rejimində evdə qalanlara – analarımıza və atalarımıza, xanımlarımıza və bəylərimizə və ümumiyyətlə yemək bişirməyi sevən insanlara maraqlı anlar yaşatmaqdır. Məşhuru təkrarlamaq və sonda həmin tanınmışlar tərəfindən seçilib adının çəkilməsi ilə paylaşılan video-müraciətlərin bir parçası olmaq çox həyəcanlıdır”.
Nəzərinizə çatdıraq ki, bu həftələr ərzində məşhurlarımız tərəfindən çuğundur salatı, faydalı səhər yeməyi, sac qovurma və pomidor-yumurta hazırlanıb. Adları və hazırlanması asan səslənsə də, müsabiqə iştirakçılarının təqdimatları hamını valeh edib.
Müsabiqə davam edir və irəlidə hələ bir çox məşhurların yemək reseptləri var. Onların arasında sevimli müğənnilərimiz Emma Ələkbərzadə, Manana, aparıcılar Tural Əsədov, İlhan Özbay, aktyor Zaur Şəfiyev, aparıcı-bloqer Səma Əbiyeva, rejisser Samirə Cəfərova, food-bloqer Günay İsmayılova, səs aktyoru Sevda Novruzlu Bıyık və başqaları var.
Müsabiqəyə qoşulmaq üçün “Facebook”dakı “Азербайджанская Кухня и не только” qrupuna üzv olmaq lazımdır: https://www.facebook.com/groups/158809490864818/ Müsabiqənin şərtləri haqqında ətraflı məlumat qrupda paylaşılıb.
Müsabiqənin sponsorları “Soliton” Mağazalar Şəbəkəsi, “Qaymaq Premium Gida”, “Es Travel” turizm agentliyidir.
Xatırladaq ki, “Азербайджанская Кухня и не только” qrupu 2011-ci ildən fəaliyyət göstərir.