Tanınmış marketoloq Rafiq Hunaltay iş yerində insanların cəsarətli davranışı barədə maraqlı məqalə yazıb. FED.az həmin məqaləni təqdim edir:
Universitetin 3-cü kursunda oxuyarkən Nurgün Holdinqə işə düzəlmişdim. Marketinq sahəsində ilk iş yerim idi. Hələ diplomumu almamışdım, funskional tabeliyimdə 26 nəfər müxtəlif ranqda adam var idi. Bir gün gəldilər ki, bəs, sənin müdirə sözün keçir, sən yaxşısan, bizim bir məsələ var onu iclasda qaldırmaq lazımdır. Çox sonra başa düşdüm ki, işə gələn yeni işçini yem kimi qabağa atmaq istəmişdilər. Amma bəxtlərindən o hadisədən sonra da həmişə belə “söhbətlər” mənlik oldu.
Mövzudan uzaqlaşmadan deyim ki, adamların istəklərini yerə salmayıb həmin görüşü təşkil etdim. Görüşün mövzusu əmək haqqını manatla almaq barədə idi. O vaxt əmək haqqları həmin şirkətdə dollarla verilirdi, manat daha dəyərli idi və işçilər də rəqəm eyni qalmaqla, amma manatla istəyirdilər maaşlarını. İclasda sözü verdik bunlara, o qədər nəm-nüm elədilər ki, müdir heç nə başa düşmədi, açıq deyə bilmirdilər. Məğzi açıq demədən, əsaslandırmalar edirdilər ki, bu da söhbətin nədən getdiyini anlamağa imkan vermirdi. Nəisə, görüşdə dedim bəs filankəs müəllim, işçilər maaşlarını dollarla yox, manatla almaq istəyirlər. İşin mustafası budur. Baxdı, baxdı və dedi ki, məsələn, sən nə qədər alırsan? (işçilərdən birinə müraciətlə) – dedi 600 dollar. Dedi burda nə var ki, aldı əlinə kalkulyatoru 600 dolları manata çevirdi, dedi get kassaya de bu qədər manat versinlər də. Bir anlıq sakitlik çökdü. Müraciət etdiyi adam da donub üzünə baxırdı. Üzündə çarəsiz təsdiq ifadəsi vardı. Yenə də açıq deyəmmirdi. Və bu dəfə də mövzuya girdim ki, bəs filankəs müəllim, elə yox, yəni 600 dollar alan indi elə 600 manat almaq istəyir. Elə bunu demişdim ki, həmin filankəs müəllim acıqlı halda “Rafiq bir sus da, səndən soruşuram mən? öz dilləri yoxdu?” dedi. Mövzu beləcə bağlandı. Amma indiyənə kimi o hadisəni yadıma salanda, pis oluram. Müdir kalkulyatoru çıxarıb hesablamaqla rəsmən məzələnmişdi. Bu qalsın burda, keçirəm başqa bir keysə.
İdealda işləyən vaxtlarımdı. Dəli kimi mütaliə edirəm, nə gəldi oxuyuram, oxuduğum hər şeyi də tətbiq etməyə çalışıram. Sağ olsun müdir, marktoloqdan daha üstün marketinq təfəkkürlü insan idi. Həmişə yeniliyə, dəyişikliyə meydan verirdi. Bir dəfə də oxudum ki, bəs, şənbə günü işləyənlər qeyri-effektiv olur. O saat iclasların birində hamının içində məsələ qaldırdım ki, gəlin, şənbə gününü ləğv edək. Bir-iki cəhddən sonra tam yığışdırdıq. Aradan bir-iki həftə keçmişdi, nəsə müdirə iş lazım olub, İT direktorunu axtarıb, o da tapılmayıb, axırda da yazıb ki, iş vaxtım deyil falan. Bir də gördüm müdir mənə yığıb dedi, ya yazdı indi dəqiq yadımda deyil, bəs sənə 6-cı gün gəlməmək lazımdırsa, gəlmə. Amma hamının adından 6-cı gün məsələsini bir də qabartma. İndi də İlqar müəllimlə, hərdən bu məsələni xatırlayıb gülürük. Fürsətdən istifadə edib Ona dərin təşəkkürümü bildirirəm. Mənim öz sahəmdə yetişməyimdə əvəzsiz rolu olub.
Bir dəfə də Kontakt Home-da mənə dedilər ki, bəs müdir onun dediklərinə etiraz edilməsini sevmir. Eybi yox, həmin an qəbul et, sonra necə istəyirsən edərsən, amma camaatın yanında etiraz etmə. Uzun danışmayacam, bir məsələ üzrə anlaşmazlıq yaranmışdı. Hər iki tərəf olaraq çox əsəbi idik, yola verib ortamın sakitləşməsini də gözləyə bilərdim, amma etmədim. Doğru bildiyim şeyi dedim, o da təbii olaraq razılaşmadı, bizdə belədir falan. Mən də elə stoldan o duran durdum və bir də o şirkətə ayağımı basmadım. Bugün təhlil edəndə özümdən bu hərəkətimə görə xoşum gəlir. Çünki illərlə tərbiyə etdiyim “mən”i nə pula, nə statusa, nə ictimai qınağa, heç nəyə satmamışdım.
Gələk sonuncu keysə. Gilanda çalışarkən müdirim əcnəbi idi. Bu adam da fikrinə əks fikir söylənməsini qəti sevmirdi. Və bunu çox açıq şəkildə biruzə verirdi, əsəbiləşirdi, qızarırdı falan. Şəxsən mənə görə bir rəhbərin öz hisslərini belə biruzə verməsi yaxşı xüsusiyyət deyil. Müdir dediyin soyuqqanlı olmalıdır. Qısası, yanımda bir neçə dəfə bu cür davranan insanları yumşaq desək danlamışdı. Mən danlamışdı deyim, Siz təhqir etmişdi oxuyun. Öz-özümə fikirləşirdim ki, mən də onun dediyi kimi yox, başqa cür düşünsəm və eyni şey mənə qarşı da baş versə, nə edəcəm. İndidən düşünürdüm ki, elə bir hal olan kimi addımımı dərhal atım. Və hər irili-xırdalı iclasda nəyi səmimi olaraq düşünürdümsə, onu deyirdim, səhv dediyini düşündüyüm hər şeyi də üzünə deyirdim. Təbii olaraq 2 il 8 ay ərzində xeyli mübahisələrimiz də oldu buna görə. Amma heç vaxt bu prinsipimdən dönmədim. Düşündüyüm kimi hərəkət edəcəm, vəssəlam. Səhv düşünə bilərəm, amma bunu dərk etdiyim anda da səhvimi qəbul etməyi də bacarıram. Ən pis hal isə danışalacaq yerdə susmaq, susulacaq yerdə danışmaqdır. Bundan ən çox siyasətçilər istifadə edir. İşdə bu metodu istifadə edənlərə də buna görə “politik”, “yaxşı oyunçu” falan deyirlər.
Bu 3 hadisəni yazma səbəbim var. Ötən dəfə HBR-da bir məqalə oxudum. İnsanların iş yerlərində cəsarətli davranmaları mövzusunda idi. Oxumuşkən başıma gələn keyslərdən bir neçəsini yazıb mövzuya aid öz fikirlərimi bildirmək istədim. Dostlar, cəsarət istər işdə olsun, istər həyatda çox önəmli xarakterdir. Bəli, cəsarət xarakterdir, onun əksi isə xoşa gələn hal deyil.
Həqiqəti pul qabağında utandırmaq olmaz
İşdə cəsarətin üstün cəhətləri ilə yanaşı, bir çox minusları da var. Məsələn, sənə demoqoq deyirlər, səndən bir çoxunun zəhləsi gedə bilər, xüsusən də cəsarət göstərə bilməyən əməkdaşların. Səndən elə müdirin də xoşu gəlməyəcək bəlkə də. İlk səhvində bağışlamaz, maaşın artmaz və s. Amma müdirdən müdirə də fərq var, hamıya aid etmək olmaz. Ətrafımda yaxşı rəhbərləri də çox görmüşəm. Cəsarətli biri kimi tanınsaz, bir az yorulacaqsız. Çünki hansısa cəsarətli addım atıb əks-hücuma məruz qala bilərsiniz. Bu da sizi işinizdən yayındıra bilər, bəzən də beldən aşağı zərbələr ala bilərsiniz. Cəsarətli addımlarınız kimisə “komfort zonasından” dəbərdə bilər. Komfort zona da “məhrəm” kimi bir şeydi, girilməz yəni. Bəzi adamlar var ki, uzun illər çalışdığı iş mühitində bəlli standartlar daxilində özü üçün şahmat dili ilə desək, “qala qurub” oturub. Üstünə getdin, hücuma keçəcək. Yəni deməyim odur ki, əks-zərbələr hər tərəfdən gələ bilər, gərək nəzərə alasız.
Bir də bir şeyi dəqiq bilirəm. Səninlə eyni mövqedə olanı da başa düşmək olar, əks mövqedə olanı da. Amma bitərəf qalanlar, “hamının dostu”, “konkret mövqeyi olmayanlar” çox təhlükəli adamlardır. Belə adamlardan uzaq durmaq lazımdır. Onlar çünki daim güclünün yanında olurlar. Bugün sənin, sabah başqasının, o biri gün də Allah Kərimdir. Səsləndirdiyin fikirləri özünlə tək qalanda da eyni cür düşünürsənsə, səmimisən. Sonradan düşündüyün səhv ya düz çıxdı fərqi yoxdur. Əsas odur ki, inandığına və müdafiə etdiyin fikrə səmimi olaraq inanırsan. Belə adamlara, hətta səhv çıxsalar belə hörmət etmək lazımdır.
Cəsarətin də limiti var. Don Kixotluq eləmək olmaz. Və ya adını cəsarət qoyub “babam mənə kor deyib, nə gəldisə vur” da olmaz. Hər işdə qırmızı xətt var. Qırmızı xətt keçildisə, reaksiya verməlisən. İnsanın dəyərləri, prinsipləri onun xarakterini göstərir. İlk öncə dəyərlərinin nə olduğunu özün üçün yəqin edəcəksən, daha sonra o dəyərlər üçün qırmızı xəttin nələr olduğunu biləcəksən. Onun keçilməsinə də heç vaxt izn verməyəcəksən. Əks halda bir fərd olaraq özünüzə hörmətiniz azalacaq və daha da qəddar olmağa başlayacaqsız. Ən çox nifrət etdiyiniz adamlar isə dəyərlərinə sadiq olan adamlar olacaq. Çünki onlar qoruya bildilər o dəyərləri, Siz yox.
Cəsarətin bir problemi də onun daha çox hücum tələb etməsindədir. Cəsarət müdafiə olunmağı sevmir.Hücum edən bilirsiniz ki, çox itki verir. Bir də cəsarətli addımlar birinci mərhələdə effektivdir. Sonrakı mərhələdə quru cəsarətli deyilmiş söz kifayət etməyəcək, onu əsaslı arqumentlər və işinizlə də sübut etməlisiniz. O halda adama deyirlər ki, “dili olduğu kimi dilçəyi də var”.
Hötenin yaxşı bir sözü var. Deyir “ideyalarla xarakter qovuşanda minillərlə dünyanı heyrətə salan hadisələr baş verir”. Xaraktersiz ideya boş söz yığınıdır. Onun icra mexanizmi yoxdur, xaraktersiz ideya sümüksüz ət kimidir, ayaq üstə dura bilməz. Bu yazını həm də çalışdığı sahədə doğru bildiyini daim müdafiə edən, haqqı tapdalananı mümkün itkilərə, risklərə rəğmən müdafiə edənlərə həsr etmək istəyirəm. Həyat çox qısadır, onu mənalı yaşamaq lazımdır.