Maraqlı

Kərpickəsən qoca və marketinq

Kərpickəsən qoca və marketinq | FED.az
15:31 15 Yan 2019

Avropanın əksər şəhərlərində küçə sənətkarları və aksiyaçıları kiçik marketinq gedişləri ilə özlərinə və aksiyalarına diqqət çəkə və küçədən keçənlərə pul xərclədə bilirlər. Çexiyanın paytaxtındakı bir kərpic satan kişi diqqətimi xüsusi çəkdi.

Deməli, Praqanın mərkəzi küçələrinin birində ortalığa ağ rəngli kərpiclər yığılıb. Bir neçə avro ödəyib o kərpici götürür və satıcının verdiyi boyalarla ürəyin istəyən rəsmi onun üzərində çəkib küçənin ortasında həmin kərpiclərin rənglənmişlərindən yığılmış “qalacığ”ın üzərinə qoyursan. Kimsə öz adını, kimsə sevgisini, başqası ölkəsinin bayrağını, digər biri xoşladığı filmin və ya kitabın adını və s. yazır.
 

Kərpic topasının qarşısındakı lövhədə yığılan məbləğlə fiziki məhdudiyyətləri olan şəxslərə yardım edildiyi yazılıb.

Bu “qala”ya daş qoyanlar həm əylənir, həm özləri ilə bağlı kiçik bir iz buraxırlar, həm də ehtiyacı olan xüsusi qrupa maddi dəstək göstərmiş olurlar. Kərpic satan qoca insanların həssas nöqtəsi olan bir neçə nöqtəyə eyni anda toxunaraq pul xərclədə bilir – əyləncə, eqonun ödənməsi və yardımsevərlik. Marketinqin ən çox toxunmağa çalışdığı amillərdir bunlar.

2016-cı ilin aprelində Azərbaycanla Ermənistan arasında baş vermiş döyüşlər zamanı burada satış pik həddə çatıb. Praqadakı azərbaycanlılar və ermənilər bir-birinin bəhsinə onlarla kərpic alıb öz ölkəsinin bayrağını çəkib qalanın daha yuxarı hissəsinə qoymaq üçün yarışıblar. Amansız kərpic savaşlarının qalibi…

Bu savaşın qalibi kərpickəsən qoca, dəstəyə ehtiyacı olan fiziki məhdudiyyətli şəxslər və ümumən küçə satışı mədəniyyəti, küçə marketinqi və ya xalq marketinqi olub.

Nizami Gəncəvinin arzu etdiyi  kamil kərpickəsənin modern nümunəsi bu ola bilər. (vugarbaba.info)
 

Digər xəbərlər