Bu gün market şəbəkələrinin əksəriyyəti müştərilərə fərqli şərtlərlə bonus kartları təqdim edirlər.
FED.az xəbər verir ki, müştəri loyallığının artırılmasına hesablanmış bu kartlar müştərilərə əlavə üstünlüklər gətirir. Məsələn, bəzi marketlərdə endirimlərdən yalnız bonus kart sahibləri istifadə edə bilir və sair.
FED.az Azərbaycandakı əsas market şəbəkələrinin bonus kartları üzrə şərtləri və təqdim etdiyi üstünlükləri araşdırıb.
“Araz Supermarket” – Bu şəbəkənin kartı ilə hər 10 manatlıq alış –verişə görə 1 bonus yüklənir. 1 bonus isə 0.20 qəpikdir. Yəni “Araz Supermarket”dəki alış-verişdən 2% bonus hesablanır. Lakin müştəri 3 ayda alış – veriş etməsə, həmin bonuslar kartdan silinir və növbəti bonus kartı ilə əvəzlənir.
“Bravo” – Bu şəbəkədə hər 10 manata 10 qəpik bonus hesablanır. Tariflə desək, bu, alış – veriş üçün 1 faiz kəşbek qazandırmaqdır. Qeyd edək ki, istifadə olunan “Umico” kartları “Bolmart” mağazalar şəbəkəsi üçün də keçərlidir.
“BazarStore” – Bu şəbəkədə bonus kartının spesifikası bonus qazanmaq üçün alış – verişin minimum 20 manat və ya daha artıq olmasıdır. Hər 20 manatlıq alış-verişə 20 qəpik hesablanır. Əgər alıcı 20 manatdan aşağı alış edibsə, bonus kartının balansına kəşbek qayıtmayacaq. Yeri gəlmişkən, “BazarStore”də rəflərdəki endirimli qiymətlərdən yalnız “Super Kart”ı olanlar istifadə edə bilərlər. Həmin kartı olmayanlar isə məhsulu endirimsiz qiymətə əldə edirlər, buna görə də rəylərdə endirimli qiymət görəndə diqqətli olmaq və kassada çeki yoxlamaq lazımdır.
“OBA” – Şəbəkənin ən vacib detalı bonus kartlarının ənənəvi formada deyil, onlayn mobil tətbiq vasitəsilə istifadı olunmasıdır. Belə ki, telefonumuzun “Play Store” bölməsindən şəbəkənin adını yazmaqla, bonus kartını yükləyə bilərsiniz. Bununla hər 10 manatlıq alış – verişdə 0.10 manat, yəni 1 %gəlir əldə edəcəksiniz.
“Rahat” – Bu şəbəkə də bonus kartlarını “OBA” kimi onlayn qaydada təqdim edir. Bu səbəbdən rəqəmsal kartın yararlılıq müddəti üçün deadline dövrü yoxdur, balansdakı bonuslar alış – veriş edilmədiyi halda belə sıfırlanmır. 1 manatlıq alış-verişə 1 qəpik bonus hesablanır. Burada maraqlı məqam ondan ibarətdir ki, əgər kart sahibi «Rahat Market»in Port Baku filialında ticarət etsə, bonuslar 2 qat hesablanacaq.
“Neptun Supermarket”– Burada hər 10 manata 10 qəpik bonus hesablanır. Amma əgər müştəri 1 ayda heç bir alış –veriş etməsə, bonuslar sıfırlanacaq.
Bununla yanaşı, “Neptun Supermarket”in qaydalarına görə, hər 5-ci gün 50 manatdan artıq alış-verişə 10% bonus hesablanır. Yəni adı günlər 50 manatlıq ticarətə görə 50 qəpik bonus hesablandığı halda, 5-ci günlər bu məbləğ 5 manata qalxır. Bonuslar isə 3 ay alış - veriş edilməyəndə də silinmir.
“Bolmart” – Bu marketlərdə 10 manatlıq alış-verişə 1 bonus, yəni 10 qəpik hesablanır. Burada bonusları pula çevirmək olmur. Sadecə 60 bonusdan başlayaraq müəyyən hədiyyələr ( ütü, feni, saxlama qabları və s.) əldə etmək olar. Kartın istifadə müddəti yoxdur, yəni kart 1 il belə istifadə olunmasa belə deaktiv olunmur.
“Ballı” – Bu şəbəkədə hər 10 manata 10 qəpik bonus hesablanır və kartın istifadə müddəti 1 aydır. Yəni alıcı 1 ay mağazadan alış – veriş etməsə, kartdakı bonuslar silinəcək kartı yenisi ilə əvəzləmək lazım olacaq.