Son vaxtlar hətta mətbəximizdəki soyuducunun, küçədə gəzişən səfil pişiklərin belə tanıdığı bir ad var - İlon Mask... Amma bu fantastik insanın ikiqat fantastik anasını çox az adam tanıyır.
Necə düşünürsünüz, 70 yaşlı qadın gözəlliyi və zərifliyi ilə gənc modellərə meydan oxuya bilər? Təbii ki, bəli. Axı qəhrəmanımız ikiqat fantastik qadındır. Planetin başını öz oxu ətrafında döndürən milyarder, günümüzün biznes əfsanəsi İlon Maskı dünyaya gətirən, onun milyardlar qazanmasında danılmaz əməyi olan mükəmməl ana Mey Maskdan danışacam sizə. Amma nə dərəcədə mükəmməl olduğuna sonda qərar verəcəyik.
FED.az xəbər verir ki, 3 uşağı, 10 nəvəsi və sevimli iti ilə xoşbəxt ömür sürən Mey Mask bu gün ən bahalı kosmetik məhsulların reklamında çəkilir, dieotoq fəaliyyətini də diqqətdən kənar qoymur. Sağlam qida haqda mühazirələri ilə dünyanın hər nöqtəsində çıxış edir.
İki magistr təhsili olan ürəyi cavan model həm də elm fədaisidir. O, hətta idman zalında kitab oxuyur. Elə bilirsiniz dahi böyütmək asan işdir?! Həm də Mey etiraf edir ki, illər boyu modellərin ağıldan kəm olduqlarına dair gəzən şayiələrin həqiqətə qovuşmağına yalnız bu yolla mane ola bilərdi.
Mey əslən İsveçrə almanlarındadır. Babasının ailəsi ABŞ-ın müstəqilliyi uğrunda savaşlar dövründə Avropadan Nyu-Yorka köç etmişdilər. 1948-ci ildə atası Coşua Norman Haldeman kanadalı müəllimə Jozefinlə ailə qurur. Elə həmin il gənc ailənin əkiz qızları dünyaya gəlir. Birinə Key digərinə Mey adı verirlər. (Təsəvvür edirsiniz, əkiz tayınız Keydir). Meyin atası aviator idi. Ona görə də ailə tez-tez şəxsi təyyarələri ilə səyahət edirdi.
Ötən əsrin tən ortasında qızların iki yaşı tamam olur. Hadelman ailəsi Kanadanı tərk edib, Cənubi Afrikada məskən salır. Cütlüyün yeni ideyaları bitib-tükənmirdi. Ən böyük arzularından biri də Kalaxari səhrasında itib-batmış Farini şəhərini tapmaq idi. Düz 10 il hər həftsonlarını bu mifik ərazini axtarmaqla keçirirlər. 1952-ci ildə isə şəxsi təyyarələrinə minib bütün yer kürəsini dövrə vururlar.
Artıq Meyin 15 yaşı vardı. Model məktəbinə qəbul olub podiuma çıxır, müxtəlif jurnallar üçün şəkillər çəkdirirdi.
Modellik fəaliyyətilə yanaşı Mey dietologiya üzrə bakalavr və magistr təhsillərini də başa vurur. Təbii ki, o vaxtlar ömrünü modelliklə keçirəcəyindən xəbərsiz idi. Ona görə də elmə üstünlük verirdi. O vaxtdan bəri Meyin mütaliə sevdası günbəgün, ilbəil alovlanır.
İlk məhəbbətinə sadiq qalan neçə nəfər tanıyırsınız? Məsələn, Mey gələcək həyat yoldaşı Errol Maskı düz 11 yaşından sevib. Elə 11 il sonra da cütlük evlənir. 1971-ci ildə ilk övladları dünyaya gəlir. Yəqin anladınız ki, söhbət İlondan gedir. Bir il sonra isə İlonun qardaşı Kimbal, sonbeşik bacısı Toska isə 2 il sonra doğulur.
Heç düşünmüsünüz ki, Leyli ilə Məcnun evlənsəydi, taleləri necə olacaqdı? Əminəm ki, Errol və Mey kimi bir müddət sonra boşanacaqdılar.
İlonun 8 yaşı tamam olanda, valideynləri rəsmən boşanırlar. Lakin 3 uşaqlı boşanmış qadın keçmiş ərinin soyadından ayrılmaq istəmir. Ümumiyyətlə, Meyin həmin günlərlə bağlı xatirələri ürəkaçan deyil.
"Uşaqlarımla birgə Torontoya köçdüm. Qara qəpiyim də qalmamışdı. Çünki CAR-ın iqtisadi və demoqrafik siyasətinə görə ölkəni tərk edənlərin bank hesabları tamamilə sıfırlanırdı. Uşaqlar südü yerə tökəndə, hönkürüb ağlayırdım. Bilirdim ki, yenisini almağa pulum yoxdur".
Daxili aləmi başına çökən qadın düz bir il ərzində 30 kq çəki alır. Sonralar Mey kilolu günlərini belə xatırlayacaq: "Artıq çəkim mənə çox kömək etdi. İdeal çəkimə dönməyin çətinliyini dərk etdim. Özü də bu təcrübəni peşəm baxımından sınaqdan keçirdim".
32 yaşlı eks model dünyanın ilk böyük ölçülü modellərindən birinə çevrilir. Amma tezliklə kilolarından bir-bir yaxa qurtara bilir. Övladları bəzən Meyin pəhrizdə olduğu zamanları xatırlayıb, həm kasıblıq, həm də anamızın dietası ucbatından evdə yemək tapmırdıq deyə zarafatlaşırlar.
Mey çox güclü qadındır. Təsəvvür edirsinizmi, düz 5 işdə çalışıb övladlarının güzəranını təmin edirdi. O, həm model agentliyində işləyir, həm nutriologiya üzrə ikinci magistr təhsili alır, həm dietoloq kimi fəaliyyət göstərir, həm də Toronto Universitetində çalışırdı ki, övladları orada pulsuz təhsil alsınlar. Bir yandan da modellik kurslarına rəhbərlik edirdi.
Mey deyir ki, artıq pulumuz yox idi. İlk maaşımla bomboş evimizə xalça aldım ki, quru yerdə oturmayaq. İkinci maaşıma isə İlona kompüter aldım ki, xalçanın üzərində oturub işləyə bilsin. Qızım Toska çox balaca olsa da dərsdən sonra mağazada işləyib pul qazanırdı.
10 yaşlı İlon artıq atası ilə yaşamaq istədiyini deyir və bir neçə ildən sonra qardaşı Kimballa birgə anasının yanından gedir. Bəli Tesla kimi şirkətin yaradıcısı İlon Mask bildirir ki, bu addım həyatının ən yanlış qərarlarından biri idi.
Mey karyerasında hər gün bir addım da irəliləyirdi. 50 yaşı olanda Torontodan Nyu-Yorka köçür və nəhəng reklam şirkətləri ilə əməkdaşlığa başlayır. 60 yaşından sonra isə saçlarını rəngləməkdən vaz keçir. Ağ birçəkli model dünyanın bütün qlamur jurnallarının üz qabığını bəzəməyə başlayır. Hətta "It-girl" yəni məşhur və müasir qız statusuna da layiq görülür.
Mask hesab edir ki, indi bəyaz saçlar daha çox dəbdədir. Həm də sosial şəbəkələrdə gələn bəyənmələrin sayı istənilən kastinqdən daha səmimi və obyektivdir.
60 yaşlı Mey daha bir fantastik addım atır. "New York Magazine" jurnalının üz qabığı üçün çılpaq soyunub, saxta qarınla hamilə pozasında foto çəkdirir. Bu foto həmçinin Demi Murun hamilə şəkilinə remeyk idi. Bu gün 70 yaşlı Mey Mask Cici Hadid, Karlı Kloss kimi modellərin əməkdaşlıq etdikləri model şirkətləri ilə çalışır. "Cover Girl" kosmetik brendinin simasıdır.
"Bu yaşımda ən böyük uğurum dünya qadınlarının ilham qaynağı olmağı bacarmaqdır. Mənim üçün yaş problem deyil, əksinə möhtəşəm bir şeydir. İllər keçdikcə daha inamlı və güclü olursunuz. 70 yaş nədir ki?! Hər şey hələ indi başlayır."
Mey etiraf edir ki, 2017-ci ildə işlədiyi qədər heç ömrü boyu çalışmayıb. O, məşhurluğunu dahi oğlunun adı ilə bağlamır. Əksinə İlonla qohumluq münasibətinə belə aydınlıq gətirir: "Məndən hələ də soruşurlar ki, sizin övladınız var?"
Əsas məsələ... Gəlin, görək milyarder böyütmək üçün hansı keyfiyyətlər lazımdır.
Meyin böyük oğlu İlonu hamımız tanıyırıq. Amma digər oğlu Kimbal və qızı Toska haqda məlumatımız azdır. Meyin hər 3 övladı öz sahələrində kifayət qədər uğurlu simalardır. Məsələn, dünyanın hər yanında fəaliyyət göstərən "The Kitchen" restoranlar şəbəkəsinin sahibi Kimbal Maskdır. Kimbal həmçinin qardaşının şirkətlərinin idarəetmə şurasında yer alır. Onun "Learning gardens" yəni "Öyrədən bağlar" layihəsi 200 məktəbdə fəaliyyət göstərir. Anası ilə birgə başladığı bu layihədə az təminatlı ailələrdən olan məktəblilər bağda əkdikləri meyvə, tərəvəzləri pulsuz evlərinə apara bilirlər. Xanım Toska isə Hollivudun məşhur rejissoru və prodüseridir. Filmləri Kann kinofestivalında nümayiş olunur.
Mey deyir ki, belə övladlar böyütməyinin bir neçə sirri var. Məsələn, öz valideynləri ona heç vaxt qadağa qoymayıblar. O, da bu üsulu öz uşaqları üzərində gerçəkləşdirib. Heç vaxt uşaqlarına doğru tərbiyə haqda mühazirə oxumayıb, sadəcə öz davranışları ilə nümunə olmağa çalışıb.
Mey heç vaxt övladlarının doğru yolu tapacaqları ilə bağlı narahatlıq keçirməyib: "Mənim buna sadəcə zamanım yox idi. Nə ev tapşırıqlarını yoxlamağa, nə də onların gələcəyini planlaşdırmağa vaxt tapmırdım. Hətta mənim əvəzimə bir-birinin gündəliklərinə imza atmağı da öyrənmişdilər. Çox vaxt ciddi qərarlarını özləri qəbul etmək məcburiyyətində qalırdılar. Bu isə onlara xüsusi azadlıq hissi daddırırdı. İnanın, buna görə öz içimi didmirdim. Əksinə mən ideal ana idim"
Meyin ən böyük arzusu o idi ki, övladları bütün qüvvələrini toplayıb əzmlə çalışsınlar. Axı yalnız bu halda insan özünü tam və xoşbəxt saya bilər. O, düşünür ki, insan işlədikcə, yorulduqca, mükəmməlliyə doğru addımlayır. "5 iş yerində çalışaraq, uşaqlarıma yaxşı nümunə oldum, amma uğurları öz əməklərinin bəhrəsidir. Bəli, zəhmətkeş ana bununla uşaqlarının bütün uğurlarını özlərinin çiyninə yazır.
Əslində Mey bir az təvazökarlıq edir. Çünki oğullarına az yardım etməyib. 1995-ci ildə İlonla Kimbal Zip2 şirkətini yaradanda, analarının dəstəyindən az yararlanmayıblar. "Kimbal mənim yanımda yaşayanda mütəmadi İlona zəng vurub biznes planlarını müzakirə edirdilər. Ayın sonunda gördüm ki, 800 dollar telefon borcu gəlib. Elə onda Kimbala tövsiyə etdim ki, hər şeyi atıb İlonun yanına getsin".
Mask özü də tez-tez oğullarının yanına gedir, onlarla birgə yeni layihələr üzərində işləyirdi. Hətta bir dəfə sərmayəçilər üçün nəzərdə tutulan təqdimetmə mərasimində oğulları ilə birgə iki saat durmadan məhsulu reklam edir.
"Həmin gün çox yorulduq. Sonra birgə restorana getdik. Hesabı verəndə dedim ki, mən bir daha yeməyimizə görə pul ödəməyəcəm. İnanırsınız, belə də oldu."
1996-cı ildə isə Mey bütün pulunu oğullarının şirkətinə xərcləyir. Mask müdrik qadın idi. O, yaxşı anlayırdı ki, bir gün həmin 10 min dollar 22 milyon olub ailəyə geri dönəcək. Mey zarafatla deyir ki, bu, onun ən uğurlu sərmayəsi idi.
Maskın uşaqları başgicəlləndirən uğura imza atmazdan öncə analarına oyuncaq ev və maşın alırlar. Kibrit qutusu ölçüsündə olan hədiyyəni verib, bir gün bunların həqiqi olacağını deyirlər. Həqiqətən də sözlərinin üstündə dururlar.
Ulduz oğlu haqda isə ana bu sözləri deyir: Mən botanik idim, o super-botanikdir. Bir dəfə ona dedim ki, sinfimizdə riyaziyyatı məndən yaxşı heç kim bilmirdi. Üzümə baxıb güldü. Çünki riyaziyyatı məndən də yaxşı bilir. Bəs İlona nə öyrətmisiniz sualına isə Mey - Oğluma bahalı əşyalar, yaxtalar gərək deyil. Çünki o ağır maddi şərtlər altında böyüyüb. İlonun əsas məqsədi dünyanı mükəmməlləşdirməkdir. İnsanlar ona pul hərisi deyəndə həqiqətən çox üzülürəm, oğlum sadəcə ideyalarını sonunadək gerçəkləşdirmək istəyir - deyir.
Mey həm də oğluna zarafatla, mən səndən daha tez məşhurlaşdım deməkdən də çəkinmir.
70 yaşından öpən qadın
Mey Mask köklüyə meyilli olduğu üçün daim rasionunu nəzarətdə saxlamaq məcburiyyətindədir. Hər səhərin yarım saatını idman zalında keçirdir. O, özünə çox incə qadın da demir. Əziz Mey Mask, sən zərif deyilsənsə, başqaları nə desin? Mey adətən axşamlar çox az yeyir ki, səhər yeməyində iştahı yerində olsun. Onun maraqlı sirri də var. Deyir, insan acanda daha çox yemək istəyir, ona görə də çantamda həmişə çərəz gəzdirirəm ki, aclıq hissim olmasın. Bundan başqa dünya şöhrətli diyetoloq kartofun, paxlalı bitkilərin də insanı kökəltmədən faydalı olduğunu iddia edir. Ən sevimli ət növü isə dana ətidir. Meyvə şirələrində imtina edib. Çünki şirələri yüksək kalorili hesab edir. Əvəzində su içməyi tövsiyə edir.
Bu gün Mey Maskın iki saytı var. Birində modellik karyerasından, digərində isə dietoloq karyerasından bəhs edir. 10 nəvəsini böyütməkdə övladlarına köməklik göstərir.
Doğrudur, Mey nə istədiyini dəqiq bilən möhtəşəm qadındır. Bu yolda onun özündən də güclü örnəyi var. Belə ki, anası Jozefin də heç vaxt təqaüd haqda düşünməyib. Hələ 94 yaşında Macbookda çalışmaq üçün kompüter qrafikasını da öyrənib. 96 illik ömrünü da aktiv fəaliyyətlə keçirdib.
Jurnalistlər düşünür ki, İlonun bütün qadınlarını atması heç də təsadüfi deyil. Axı insanın belə anası varsa, başqa qadınlar ona maraqsız və sıxıcı gələcək.
Mey hərdən 30 kq çəki aldığı günləri xatırlayır. "Bəli mən bu halımla belə böyük ölçü model kimi çalışıb kifayət qədər pul qazanırdım. Əsas odur, gəlir əldə etməyin doğru yollarını biləsən. Bir də bu dünyada insanı qocalmağa qoymayan amil risk etmək bacarığıdır. Mənim ömrüm riskli addımlardan ibarətdir. Özünüzü bədbəxt hiss etməyin, çünki istənilən çətinliyin bir neçə çıxış yolu var."
Mey Maskın fikrincə, dünyanın idarəsini qadınların ixtiyarına vermək lazımdır. Çünki onlar həm qayğıkeş həm də büsbütün sevgidən ibarətdilər. (publika.az)