“Keçən il büdcənin icrası ilə bağlı müsbət məqamlardan biri qeyri-neft gəlirləri və müdafiə olunan xərclərin nisbəti ilə bağlıdır”.
Eləcə də bax: "Kino çəkilməsinə ayrılan pulu yarıbayarı kəsmək olar"
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Vüqar Gülməmmədov sədri bildirib ki, belə ki, Hesablama Palatası tərəfindən 2012-2021-ci illərdə dövlət büdcəsinin qeyri-neft gəlirləri və müdafiə olunan xərc maddələri üzrə xərcləri üzrə aparılmış təhlilə əsasən qeyd etmək istərdik ki, pandemiya şərtlərinin hökm sürdüyü 2020-ci il istisna olmaqla, digər illərdə dövlət büdcəsinin qeyri-neft gəlirləri müdafiə olunan xərc maddələri üzrə xərcləri üstələyib, hesabat ilində müdafiə olunan xərc maddələri üzrə xərclərin qeyri-neft gəlirləri hesabına təmin olunma səviyyəsi 107,8% təşkil edib ki, bu da 2020-ci ilin müvafiq göstəricisindən 10,6 faiz bəndi çoxdur.: “Hesablama Palatası aparılan təhlilin nəticələrinə əsaslanaraq hesabat ilində 2020-ci illə müqayisədə cari xərclərin cəmi dövlət büdcəsi xərclərində payının azaldığını və cari xərclərin qeyri-neft sektoru hesabına maliyyələşdirilməsi üzrə müsbət meyllərin izlənildiyini qeyd edir. Bununla əlaqədar bildirməliyik ki, hesabat ilində cari xərclərin qeyri-neft gəlirləri ilə təmin olunma səviyyəsi 2020-ci illə müqayisədə artıb, 2017-ci ildən sonra ilk dəfə olaraq qeyri-neft ÜDM-nin nominal artım tempi cari xərclərin dəyişimini üstələyib. Digər tərəfdən, apardığımız təhlillər dövlət büdcəsindən ayrılan vəsaitlər üzrə xəzinədən kənar əməliyyatların həcminin ilbəil artdığını göstərir ki, bununla bağlı 2 məqam diqqətdə saxlanılmalıdır. Birincisi, xəzinədənkənar əməliyyatların həcminin çox olması gələcəkdə resurs çatışmazlığı ilə bağlı riskləri formalaşdırmaqla xərclərinin maliyyələşdirilməsində çətinliklərə səbəb ola bilər. İkincisi, bu əməliyyatlar, xərc öhdəliklərinin icrasının izlənilməsinə də imkan vermir. Qeyd etdiyim bu məsələlər, büdcə vəsaitlərinin son istifadəçiləri üzrə məlumatların yığılması və monitorinqi, eyni zamanda publik hüquqi şəxslər və dövlət müəssisələri üzrə büdcə vəsaitlərinin xəzinə müşayiəti ilə icrasına dair yeni mexanizmlərin qurulmasını vacib edir”.
Vüqar Gülməmmədov qeyd edib ki, 2021-ci ildə dövlət əsaslı vəsait qoyuluşu xərcləri üzrə keçid və infrastruktur layihələr üstünlük təşkil edib, vəsait qoyuluşu xərcləri üzrə nəzərdə tutulmuş xərclərin tam icra edilməməsi xarici kreditor qurumlarla birgə maliyyələşmə əsasında həyata keçirilən layihələr üzrə kreditlərdən az istifadə ilə bağlı olub”. (Apa)