Dünya Bankı (DB) bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbətinin 0,7% təşkil edəcəyini proqnozlaşdırır.
FED.az xəbər verir ki, DB-nın Avropa və Mərkəzi Asiya üzrə dərc etdiyi yenilənmiş hesabatına görə, ölkənin cari əməliyyatlar hesabı gələn il profisitə dönəcək və ÜDM-in 1,6%-ni təşkil edəcək. DB-in 2022-ci il üçün bu göstərici üzrə proqnoz 4,7%-ə bərabərdir. Builki kəsirin əsas səbəbi neft ixracının həcmlərinin aşağı olması göstərilir.
Bank qeyd edir ki, tədiyə balansının maliyyə hesabına təzyiqin bu ilin sonuna azalacağı gözlənilir və tədiyə balansının ümumi kəsirinin ÜDM-in 1,4%-ni təşkil edəcəyi proqnozlaşdırılır. 2019-cu ildə tədiyə balansının ümumi profisitinin ÜDM-ə nisbəti 10,7% təşkil edib, 2020-ci ilin ilk yarısında isə profisit kəsirə çevrilərək ÜDM-in 2,8%-nə bərabər olub.
Xatırladaq ki, "Fitch" beynəlxalq reytinq agentliyi bu il ölkənin cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbətinin 4,1% səviyyəsində proqnozlaşdırır. Asiya İnkişaf Bankının yenilənmiş sentyabr proqnozuna əsasən isə, bu il cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbəti 5,1% təşkil edəcək. Beləliklə, Dünya Bankının Azərbaycan üzrə bu göstərici üzrə proqnozu ən nikbin sayılır.
Qeyd edək ki, 2020-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 3%-ni və ya 598,2 mln. ABŞ dolları təşkil edib. 2019-cu yekunlarına görə, bu göstərici ÜDM-in 9,1%-nə və ya 4,364 mlrd. dollara bərabər idi.
Bundan başqa, Maliyyə Nazirliyinin Azərbaycanın 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında verilən proqnoza görə, 2021-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbətinin 3,1% və ya 1 377,2 mln. dollar təşkil edəcək. 2022-ci ildə cari əməliyyatlar hesabının defisitinin ÜDM-in 1,1% səviyyəsində gözlənilsə də, 2023-cü və 2024-cü illərdə bu göstəricin profisitə dəyişərək müvafiq olaraq ÜDM-in 1,4%-ni və 2,3%-ni təşkil edəcəyi gözlənilir. (Apa)