Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab ediləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.
Məcəllənin 308-1-ci maddəsinə dəyişikliklər edilib. Xatırladaq ki, sözügedən maddə lövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə ilə bağlıdır.
İlk növbədə həmin maddənin adı dəyişdirilib, buraya «dövlətə məxsus olan hüquqi şəxslərin» sözləri də əlavə edilib. Başqa sözlə, indiyədək yalnız dövlət büdcəsi və büdcədən kənar fondlar, məsələn DSMF-nin vəsaitlərinə aid olan cəzalar, indi dövlətə məxsus hüququ şəxslərin hamısına, məsələn, dövlət şirkətlərinə də aid olacaq.
İkinci dəyişiklik bu hallar yol verən şəxslərin cərimələnməsi ilə bağlıdır. Haqqında danışılan 308-1-ci maddənin 1-ci bəndində (308-1.1) indiyədək deyilirdi ki, dövlət vəsaitləri ilə bağlı pozuntular «xeyli miqdarda» törədildikdə həmin şəxs 9-13 min manat cərimə edilir. İndi isə cərimənin məbləği artırılır, yeni dəyişikliklərdə bildirilir ki, belə hallar yol verənlər cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) 100 faizi miqdarında cərimə ediləcəklər. Başqa sözlə, cərimə 20-30 dəfə artırılır.
Burada fərq ondan ibarətdir ki, sözügedən maddədə xeyli miqdar dedikdə, 50-250 min manatadək olan məbləğ başa düşülür. Yəni bu maddə pozuntunun artıq 50 min manatdan artıq olduğu halda tətbiq edilir. Nəticədə pozuntuya yol verən tərəf əvvəlki kimi 9-13 min manat deyil, pozuntunun 100 faizi miqdarında, yəni 50-250 min manat cərimə ediləcəklər. Bu, indiyədək olan cərimədən 5-20 dəfə artıqdır.
Eyni zamanda, maddəyə edilən dəyişiklik nəticəsində pozuntuya yol verənlərə daha bir cəza tətbiq ediləcək. Bu 3 il müddətində azadlığın məhdudlaşdırılmasıdır, əvvəlki variantda, bu üsul nəzərdə tutulmurdu.
Xatırladaq ki, azadlığın məhdudlaşdırılması - şəxsin cəmiyyətdən tam təcrid olunmadan (yəni həbsxanaya salınmadan) onun üzərinə müəyyən qadağalar və vəzifələr qoyulmasını nəzərdə tutan cəza növüdür. Bu cəza növü tətbiq edilərkən məhkum öz evində yaşayır və işinə davam edir, lakin onun hərəkət sərbəstliyi ciddi şəkildə nəzarət altına alınır. Məsələn, onun ayağına qolbaq vurulur.
Maddədə indiyədək nəzərdə tutulan 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları da öz qüvvəsində qalır.
Dəyişiklikliyə görə, eyni hal külli miqdarda törədildikdə (maddə 308-1.2), bu dəfə həmin hala yol verən şəxs pozuntunun 100%-i həcmində cərimə edilir. Külli miqdar dedikdə 250 min manatdan artıq məbləğ başa düşüşür. Yəni belə şəxslər azı 250 min manat cərimə ediləcək.
Burada yenilik odur ki, indiyədək küll miqdarda yeyintiyə yol verən şəxslərə qarşı dərhal 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3-6 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulurdu.
İndi isə cəzaların siyahısı bir qədər genişləndirilib, əvvəla buraya yuxarıda qeyd edildiyi kimi, azı 250 min manat cərimə, eyni zamanda azadlığın məhdudlaşdırılması (elektron qolbaq məsələsi) da əlavə edilib.
Nəhayət, maddəyə edilən daha bir dəyişikliyə görə, dövlət vəsaitinin təyinatı üzrə istifadə etməyən şəxs bu hala ilk dəfə yol verirsə, pozuntunun məbləğini tam ödəyirsə, məsuliyyətdən azad edilir.













