Dövlət Gömrük Komitəsi (DGK) son günlər sosial şəbəkələrdə və mətbuatda yayılan, ölkəyə xaricdən göndərilən mallar üçün limitin indiki 300 dollardan 150 dollara endiriləcəyi barədə məlumatlara aydınlıq gətirib.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, belə dəyişiklik nəzərdə tutulmur:
"Son günlər sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində vətəndaşlar tərəfindən şəxsi istifadə üçün beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə ölkəyə xaricdən gətirilən mallara görə qanunvericilikdə müəyyən olunan limitin 300 ABŞ dollarından 150 ABŞ dollarına endiriləcəyi ilə bağlı müzakirələr aparılır.
Dövlət Gömrük Komitəsi bildirir ki, səsləndirilən iddiaların heç bir əsası yoxdur, vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydalarında hər hansı dəyişiklik müzakirə mövzusu deyil".