Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib.
FED.az xəbər verir ki, görüşdə gömrük-biznes əməkdaşlığının güclənməsi, gömrükdə biznes nümayəndələrinə münbit şəraitin yaradılması, həmçinin gömrük prosedurlarının asanlaşdırılması, rəqəmsal həllərin genişləndirilməsi üçün görülən işlərdən bəhs edilib.
Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov son dövrlərdə gömrük sistemində həyata keçirilən təkmilləşdirilmələr və yeniliklər barədə məlumat verib, gələcəkdə tətbiq ediləcək yeni layihələrin biznes nümayəndələri üçün əhəmiyyətindən söz açıb.
Bildirilib ki, cari ilin avqustunda pilot qaydada tətbiqinə başlanılan yeni layihəyə əsasən “könüllü əməletmə” prinsipi əsasında fəaliyyət göstərən sahibkarların bəyannamələrinin 30 dəqiqə ərzində yoxlanılması və nəqliyyat vasitələrinin sürətli çıxışı təmin ediləcək.
İlkin mərhələdə 5 sahibkarın istifadə etdiyi layihədən hazırda 60 biznes subyekti faydalanmaqdadır.
Avqustun sonunadək isə fəaliyyətini qanunvericiliyə uyğun şəkildə quran 400-ə qədər şirkətin yeni layihədən istifadə etməsi planlaşdırılır.
Qeyd olunub ki, şəffaflıq, vətəndaş və sahibkar məmnuniyyəti gömrük orqanlarının əsas strateji hədəflərindəndir. Bu məqsədlə gömrük rəsmiləşdirilməsinin daha da sadələşdirilməsi, gömrük bəyannaməsinin doldurulması prosesinin təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi hesabına vətəndaş-məmur təmasının minimuma endirilməsi istiqamətində mühüm addımlar atılır ki, bu da sahibkarlara vaxt və vəsaitə qənaət etmək baxımından əlavə imkanlar yaradır.
Sonda biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.