Son günlər Azərbaycanın bölgələrində hava şəraitinin yenidən kəskin dəyişməsi, bəzi rayonlarda dolu yağması müşahidə edilir.
FED.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün iyunun 2-si axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Sulu qar gözlənilir
Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
İyunun 2-si gündüzədək bölgələrdə qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Çaylarla sululuq artır, daşqın və sel ola bilər
Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
10-a yaxın rayona dolu düşüb
Xatırladaq ki, iyunun 1-də Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Mingəçevir, Şəki, Şahdağ, Oğuz, Tərtərdə şimşək çaxıb, leysan xarakterli yağış yağıb. Gədəbəy rayonu Slavyanka kəndinə saat 14:48-14:50 radələrində, Şahdağda isə saat 14:50-15:00 radələrində dolu düşüb.
Daşkəsən rayonunda saat 15:53-15:57 radələrində diametri 20 mm, Göygöl rayonu Kərəmli kəndinə saat 16:20-16:24 radələrində 10-12 mm, Göygöl rayonu Şəhriyar kəndinə saat 16:23 radələrində 10-14 mm, Gədəbəy rayonuna isə saat 17:45-18:00 radələrində 6 mm olan dolu düşüb.
Leysan yağışlar yağır
İyunun 1-də axşam saat 22:00-a olan məlumata görə isə, Gəncə, Daşkəsən, Gədəbəy, Şəmkir, Naxçıvan,Tərtər,Göygöl, Şəki, Ağdam, Naftalan, Xınalıq, Quba, Qrız, Qusar, Goranboy, Zaqatala, Qəbələ, Şahdağ, Balakən, Mingəçevir, Yevlax, Sarıbaş (Qax), Göyçay rayonlarında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Zaqatala rayonuna diametri 5 mm, Gədəbəy rayonunun Maarif, Qaradağ, Arıqdam kəndlərinə 8-10 mm, Düzyurd kəndinə isə 6-8 mm dolu düşüb.
Eyni zamanda Qax rayonuna dolu düşüb.
Əlverişsiz hava şəraiti rayon mərkəzi ilə yanaşı Qum kəndində də müşahidə edilib, dolu meyvə ağaclarına və bostan bitkilərinə ciddi ziyan vurub. Hazırda şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.
Güclü yağışdan sonra Goranboya da dolu düşüb.
Dolu rayonun Zeyvə Qarabucaq və dağ kəndlərinə düşüb. Hazırda Goranboy rayon icra hakimiyyətinin fövqəladə hallar komissiyasının üzvləri dolu düşən kəndlərə ezam olunublar.