Aran iqtisadi rayonu

Azərbaycanın bu rayonunda 20%-dən çox iqtisadi artım olub

Azərbaycanın bu rayonunda 20%-dən çox iqtisadi artım olub | FED.az
20:54 24 Okt 2018

Zərdab Rayon İcra Hakimiyyətində 2018-ci ilin doqquz ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
 
FED.az-ın məlumatına görə, iclasda rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin, sənaye, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.


ELƏCƏ DƏ BAX: İşığın və neftin hesabına "kef çəkən" bölgə - HESABAT



Tədbirdə rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev geniş hesabat məruzəsi ilə çıxış edib. Nəzərə çatdırıb ki, hesabat dövründə rayon iqtisadiyyatının əsas sahələrində 93 milyon 596 min 100 manatlıq məhsul istehsal edilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 19 milyon 357 min manat çoxdur. 2018-ci ilin məhsulu üçün 12915 hektarda buğda, 5738 hektarda arpa olmaqla cəmi 18653 hektar sahədə taxıl əkilmiş və 60 min 150 ton məhsul istehsal olunub. Bu rayonun tarixində ən yüksək göstərici olmaqla ötən ildəkindən 1328 ton çoxdur. Bəhs olunan dövrdə taxılçılıq üzrə rayonda fəaliyyət göstərən 3 toxumçuluq təsərrüfatında 2018-ci ilin məhsulu üçün 206 hektar sahədə toxumluq arpa və buğda əkilib. 66 hektar sahədən 227 ton arpa istehsal olunub, hər hektardan məhsuldarlıq 34,4 sentnerdir. 140 hektar sahədən 572 ton buğda istehsal olunub, məhsuldarlıq 40,2 sentner təşkil edib. Ümumilikdə, 799 ton məhsul istehsal edilmiş, məhsuldarlıq 38,7 sentner təşkil edib.
 
Rayonda 2018-ci il üçün nəzərdə tutulmuş 3232 hektarda pambıq əkilib. Bu məqsədlə “MKT İK” MMC-nin Zərdab filialı və “Zərdab-Pambıq” (“P-Aqro”) MMC ilə 702 torpaq mülkiyyətçisi arasında müqavilə bağlanılıb. Hesabat dövründə 1234,90 ton xam pambıq tədarük olunub. Hazırda yığım davam edir.
 
Bölgü üzrə 2018-ci ildə 1300 qutu (24 kilo 700 qram) barama qurdu qəbul edilərək normal bəsləmə aparılıb, nəticədə 53 ton 880 kiloqram barama tədarük edilərək respublikada artıq ikinci dəfə ən yüksək göstəriciyə nail olunub. Zərdab rayonu üzrə barama emalı müəssisələrinə təhvil verilmiş yaş baramanın miqdarına görə kümçülərə emal müəssisələri tərəfindən 187 min, dövlət büdcəsinin vəsaiti hesabına 260,7 min manat subsidiya, cəmi 447,7 min manat vəsait verilib.
 
Cari ilin doqquz ayında Zərdabda iribuynuzlu mal-qaranın sayı 54 min 720 başa, qoyun-keçilərin sayı 113 min 620 başa çatıb. Bu da keçən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 92 və 259 baş çoxdur.
 
Bəhs edilən dövrdə rayon icra hakimiyyəti tərəfindən şəhid ailələrinə, Qarabağ və Çernobıl əlillərinə, müharibə veteranlarına, valideyn himayəsindən məhrum olmuş azyaşlı uşaqlara və aztəminatlı ailələrə 22 min manatdan çox maliyyə və digər yardımlar edilib. Rayonda əhalinin qaz təminatının yaxşılaşdırılması məqsədilə Şıxbağı və Nəzəralılı kəndlərinin qazlaşdırılması başa çatdırılıb, ümumilikdə, 17323 metr uzunluğunda qaz xətti çəkilib. Bu günlərdə qaz xəttinin açılışı olub və hər iki kəndə mavi qaz verilib. Beləliklə artıq rayonun 37 yaşayış məntəqəsinin qaz təchizatı başa çatıb.
 
Bəhs edilən dövrdə rayonda abadlıq-quruculuq işləri daha geni vüsət alıb. Rayonun “32 hektar” adlanan ərazisində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 50 yerlik körpələr evi-uşaq bağçasının tikintisi başa çatıb. 4 çoxmənzilli binanın dam örtüyü və fasadı təmir olunub, bu işlərə 136,8 min manat vəsait xərclənib.  Şəhərin Babək, M.Ə.Rəsulzadə, Füzuli, 20 yanvar, Vidadi, M.Hüseyn, Çingiz Qurbanov, Azərbaycan, Şəhriyar, M.Müşfiq, X.Məmmədov, Xətai, Z.Zərbəliyev, M.Xəlilov, Zahid Bəkirov küçələrində 450,1 min manatlıq, Azərbaycan küçəsi istiqamətində park və küçələrdə 148 min manatlıq təmir işləri görülüb.
 
Rayon Məşğulluq Mərkəzi tərəfindən müvəqqəti işsizliyə görə 3 nəfərə işsizlik statusu verilib, 3 nəfər vətəndaşa müavinət təyin edilib.

Digər xəbərlər