Bu ilin doqquz ayında Göyçay rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi keçən ilin müvafiq dövrünə nisbətən 17,4 faiz artaraq 252,3 manata çatıb. Doqquz ayda sənaye məhsulları istehsalı ötən illə müqayisədə 55,4 faiz artıb.
FED.az xəbər verir ki, bütün faktlar Göyçayda cari ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıdakı vəzifələrə həsr olunan yığıncaqda səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirib ki, aqrar sahədə də nəticələr uğurludur. Cari ildə 15591 hektar sahədən 47625 ton və ya ötən ildəkindən 12,4 faiz çox taxıl istehsal olunub. Hər hektarın məhsuldarlığı 1,5 sentner artaraq 30,5 sentner olub. Kənd təsərrüfatının digər sahələrində də məhsul istehsalı artıb.
Diqqətə çatdırılıb ki, ilin doqquz ayında rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 49,9 milyon manat və ya keçən ilin müvafiq dövründəkindən 3,9 dəfə çox investisiya yönəldilib. İnvestisiyaların 79 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
Məruzədə, eləcə də çıxışlarda əhalinin təbii qaz, elektrik enerjisi su təchizatı ilə əlaqədar görülən işlərdən, təhsil, səhiyyə sahələrində maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində reallaşdırılan layihələrdən, habelə qarşıda duran vəzifələrdən danışılıb.
AZƏRTAC