Bu ilin doqquz ayında Şirvan şəhəri üzrə ümumi məhsul buraxılışı 526 milyon 605,5 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 20 faiz çoxdur. Ümumi məhsul buraxılışında 68,4 faiz paya malik sənaye sahələrində məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz artaraq 360 milyon 173,2 min manat olub. Şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 11792,6 min manat vəsait yönəldilib ki, onun da 10926,5 min manatı və ya 92,7 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
FED.az xəbər verir ki, bu faktları Şirvan şəhərində 2018-ci ilin üçüncü rübünün sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov səsləndirib.
Qeyd olunub ki, hesabat dövründə istehsal edilən sənaye məhsulunun 35,4 faizi mədənçıxarma, 13,2 faizi emal, 50,7 faizi elektrik enerjisi, qaz-buxar, 0,7 faizi isə su təchizatı sahələrinə aid olub. Sənayedə istehsal olunan məhsulun 56,9 faizi dövlət, 43,1 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Hesabat məruzəsində bildirilib ki, ötən müddətdə şəhər iqtisadiyyatının dinamik inkişafı əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına, onların alıcılıq qabiliyyətlərinin artmasına səbəb olub. Bu dövrdə pərakəndə ticarət dövriyyəsi 206 milyon 709,9 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur. Ticarət və xidmət şəbəkələri tərəfindən əhaliyə 33 milyon 214,6 min manatlıq müxtəlif çeşidli istehlak malları satılıb və ödənişli xidmətlərdən istifadə olunub.
Məruzədə təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən də ətraflı bəhs edilib.
Sonda müzakirə edilən məsələlərlə bağlı qərar qəbul olunub.