Sabirabad Sənaye Məhəlləsində tikinti işlərinin 70 faizindən çoxu görülüb və məhəllənin ilin ikinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur.
FED.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən salınan sənaye məhəlləsi rayonun Qalağayın kəndi ərazisində yerləşir. Sənaye məhəlləsinin tikintisi qeyri-neft sektorunun inkişafına təkan vermək və əhalinin məşğulluğunu artırmaq məqsədi daşıyır. Məhəllə sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlığın inkişafına dəstək olacaq. Burada ümumi dəyəri 16,9 milyon manat olan 5 layihənin icrası nəzərdə tutulur. Bu layihələr yun və təbii bitki tədarükü, gübrə və konfet istehsalı, bal məhsullarının qablaşdırılması sahələrini əhatə edir.
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Həsənov bildirib ki, tikinti işlərinə 150 nəfər cəlb olunub. Onların da çoxu yerli sakinlərdir. Sənaye məhəlləsinin fəaliyyətə başlaması ilə yeni iş yerləri açılacaq, nəticədə rayonda əhalinin məşğulluq səviyyəsi yüksələcək. Həmçinin investisiya qoyuluşu və istehsalın artması nəticəsində rayonun iqtisadi imkanları da yüksələcək.
Eləcə də bax: Kürdəmirdə dövlət tenderlərini kim udur? – ADLAR, MƏBLƏĞLƏR
Layihənin rəhbəri Qurban Burcəliyev söhbət zamanı tikinti işləri barədə məlumat verdi. Qeyd etdi ki, tikintiyə ötən ilin dekabrından başlanılıb. Məhəllənin ümumi sahəsi 20 hektardır. Tikinti sahəsi isə 16 min 797 kvadratmetr təşkil edir və onun 4 hektarında inşaat işləri aparılır. Tikililər yüksək səviyyədə, standartlara uyğun inşa olunur. Artıq inzibati, istehsal və digər yardımçı binaların tikintisi başa çatdırılıb. Hazırda sahədaxili yollara asfalt döşənir, səkilər salınır, binaların daxilində və fasadında bəzək və rəngləmə işləri görülür.
Sənaye məhəlləsinin su-kanalizasiya sistemləri, təmizləyici qurğular, habelə elektrik enerjisi ilə təminatı işləri də başa çatıb.
Məhəllə istifadəyə verildikdən sonra burada 262 nəfər çalışacaq.