Aqrar

Fermerlərə dəstək verməlidir, amma özünə dəstək lazımdır - AÇIQLAMA

Fermerlərə dəstək verməlidir, amma özünə dəstək lazımdır - AÇIQLAMA | FED.az
13:00 4 Dek 2018

Azərbaycanın kredit ittifaqları vəsait qıtlığı ilə üzləşdiyinə görə, onların fəaliyyəti zəifləyib, kredit portfelləri və ölkə iqtisadiyyatındakı rolu azalır.

FED.az xəbər verir ki, bunu Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Cəlil Süleymanov bildirib. Onun sözlərinə görə, artıq bir neçə ildir ki, kredit ittifaqları özlərinin əsas maliyyə mənbələrindən məhrum olublar.

 

C.Süleymanov bildirir ki, vaxtilə kredit ittifaqlarının əsas dəstəkçilərindən olan Kənd Təsərrfatı Nazirliyi və nazirliyn tərkibindəki Kənd Təsürrfatı Layihələrinin İdarə Edilməsi xidməti də kredit ittifaqlarına və fermerlərin bu təşkilatların xətti ilə kreditləşməsinə lazımi diqqət ayırmırlar.

C.Süleymanov bildirib ki, Assosiasiya fəaliyyətin əlaqələndirilməsi və vəsaitin ayrılması üçün dəfələrlə nazirliyə və xidmətə müraciət etsə də, indiyədək hətta görüş keçirmək belə mümkün olmayıb: «Kredit ittifaqlarının əsas donorlarından biri də Kənd Təsərrüfatı Layihələrinin İdarə edilməsi xidməti idi, amma indi bu qurumla hətta görüşmək belə mükün olmayıb. Halbuki kiçik fermerlərin maliyyələşməsi üçün əsas mexanizm məhz kredit ittifaqlarıdır».

 

Assosiasiya sədri bildirir ki, hazırda əsas kredit mənbəyi olan banklar daha çox böyük şirkəilərin maliyyələşməsi ilə məşğuldurlar: «Böyük şirkətlər onsuz da böyükdür və onların onsuz da pulları var, əsas dəstək kiçik sahibkarlara lazımdır ki, bunun üçün kredit ittifaqları ən yaxşı mexanizmdir».

 

C.Süleymanovun sözlərinə görə, kredit ittifaqları əsas donorlarından məhrum olduqlarına görə zəifləyirlər: «Vaxtilə kredit ittifaqlarına vəsait bir neçə mənbədən gəlirdi, bunlar xarici donorlar, Kənd Təsərrüfyatı Nazirliyi, Sahibkarlığa Yardım Fondu və ittifaq üzvlərinin öz vəsaitləri idi. İndi isə yalnız Sahibkarlığa Yardım Fondu bizə dəstək verir».

 

Vaxtilə Azərbaycanda mikromaliyə sektorunun əsas donorlarından olan xarici

təşkilatlar da devalvasiyadan sonra fəaliyyətlərini dayandırıblar. C.Süleymnov bildirir ki, devalvasiyadan sonra xaricdən vəsait cəlb eləmək də sərf eləmir: «Xaricdən vəsaiti yalnız xarici valyuta ilə, dollarla almaq olar, amma bizdə dollarla krediti kim götürər? Hamı manatla kredit istəyir».

 

Ölkə bankları isə kredit ittifaqlarına vəsaiti yüksək faizlə təklif edirlər: «Banklar bizə krediti 16-18%, bəzən hətta 20%-lə təklif edirlər. O faizlə götürülən pulu fermerə neçə faizlə vermək olar? Çox bahadır və sərfəli deyil».

 

Qurum rəhbərinin sözlərinə görə, ən ideal variant kreditin illik 10%-lə verilməsidir, bunun üzərinə 5-6% inzibati xərcləri əlavə etməklə fermerləri maliyyələşdirmək olar.

 

Qeyd edək ki, kredit ittifaqları  vəziyyətdən çıxmaq üçün mümkün variantlardan biri istiqrazların buraxılmasıdır – xatırladaq ki, hazırda bəzi təşkilatlar maliyyə cəlb edilməsi üçün məhz istiqraz buraxılışından istifadə edirlər.

Amma C.Süleymanovun sözlərinə görə, kredit ittifaqlarının iqtisadi vəziyyəti sabit olmadığına görə, istiqrazların buraxılması inandırıcı görünmür. 

Digər xəbərlər

Banner