“Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a dəyişiklik edilib.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Eləcə də bax: Azərbaycanda uçuşların və təyyarə ilə sərnişin daşımaları barədə - QƏRAR VERİLDİ
Qaydaların ikinci hissəsi üzrə 2.1.1-ci yarımbəndə edilən dəyişikliyə əsasən uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırlar. Bununla da qərarda COVID-19-a dair testin növü müəyyənləşdirilib.
Eləcə də digər bəndlər üzrə uyğunlaşdırmalar aparılıb. 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərinə dəyişikliklər edilib.
2.1.3-cü bənd üzrə Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcıların öhdəlikləri təsnifatlaşdırılıb.
2.1.4-cü yarımbəndindən sonra 2.1.5-ci yarımbəndi əlavə edilib. Əlavəyə əsasən arayışın elektron qaydada yoxlanılması məqsədilə arayışda elektron təsdiq atributları (QR-kod, eyniləşdirmə nömrəsi və s.) olan şəxslərin müvafiq yoxlanış yerlərindən sürətli keçidi təmin ediləcək.
Həmçinin, 2.6-cı bəndə düzəliş edilərək aviaşirkətlərin reyslərində daşınmasına icazə verilən əl yükləri müəyyənləşdirilib. Aviaşirkətin qaydalarına əsasən yalnız qeyd edilən şəxsi istifadə əşyalarının əl yükü kimi daşınmasına yol verilir:
- qadın əl çantası və ya kişi portfeli,
- ölçüləri 30x35x10 sm-dən böyük olmayan foto və videokamera,
- portativ kompüter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir),
- üst geyimi, palto və ya plaş,
- portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir),
- gül dəstəsi,
- uşaqlarla uçuş zamanı uşaq yeməyi və uşaq yol beşiyi,
- çətir,
- uçuş zamanı oxumaq üçün qəzet, jurnal və digər materiallar,
- ev heyvanlarının daşınmasını tənzimləyən müvafiq qaydalara riayət etməklə ev heyvanlarının daşınmasına icazə verilir.