«Dünyada cənnəti axtaran adam Dubrovnikə gəlsin». Məşhur italiyalı səyyah Marko Polonun 700 il əvvəl dediyi bu sözlər hələ də qüvvəsindədir. Xorvatiyanın gözəl məkanı Dubrovnik indi də bütün dünyadan turistləri cəlb edir, gözəlliyi ilə qonaqların ağlını başından alır. Əslində Xorvatiyanın əksər əraziləri gözəlliyinə görə Dubrovnikdən geri qalmır.
Antalyada istirahət qiymətləri - İKİQAT ARTIB - VİDEO
AZAL bayram münasibətilə - 20 FAİZ GÜZƏŞTƏ BAŞLADI - ŞƏRTLƏR
Azərbaycan hotellərində bayram günləri ərəfəsində - SON VƏZİYYƏT - QİYMƏTLƏR
Antalyada mənzillər 2 dəfədən çox bahalaşıb – QİYMƏTLƏR AÇIQLANDI
Türkiyənin aşağı büdcəli şirkəti İzmirlə Bakı arasında - UÇUŞLARA BAŞLADI
Avropanın ən gözəl ölkələrindən olan Xorvatiyanın turizm imkanları, Azərbaycan turistlərinin bu ölkəyə səfəri ilə bağlı vəziyyət və bu sahədə əməkdaşlıq imkanı barədə FED.az-ın suallarını Xorvatiya Turizm Assosiasiyasının Regional Ofisinin direktoru Rajko Ruziçka cavablandırır:
- Cənab Ruzicka, hazırda Avropa turizm bazarında nələr baş verir? Hətta qitənin məşhur turizm marşrutlarına da maraq azalıb. Səbəb kimi davam edən Rusiya-Ukrayna müharibəsini göstərirlər. Xorvatiyada işlər necədir? Müharibə sizin ölkənizdə turizmə necə təsir etdi?
- Xorvatiya turizm ölkəsidir, ənənəvi olaraq bu sektor iqtisadiyyatın aparıcı sahəsidir. Bu il biz böyük turist axını gözləyirik, hətta rekod sayda ola bilər, çünki biz Şengen və Avrozonaya daxil olmuşuq, bu da Avropadan ölkəmizə gəlməyi asanlaşdırır. Sizə iyun ayının 12-nə olan statistikanı göstərim: 2023-cü ilin yanvarından indiyədək Xorvatiyada təxminən 5 milyon turist dincəlib, bu hələ mövsüm başlamadığı dövrdür.
Bizim turizm baxımından ən uğurlu mövsümümüz olan 2019-cu illə müqayisə etsək, ilin eyni dövründə gecələmələrin sayı bu il daha çox olub. Belə ki, 2019-cu ilin yanvarın 1-dən iyunun 6-dək olan dövrdə Xorvatiyaya 4 milyon 785 min turist səfər etmişdi, gecələmələrin sayı 1 milyon 585 min idi. 2023-cü ilin eyni dövründə, yəni yanvarın 1-dən iyunun 12-dək olan müddətdə isə Xorvatiyaya 4 milyon 842 min turist jəlib, gecələmələrin sayı isə 17 milyon 265 min olub. Göründüyü kimi, təkcə turistlərin sayı artmayıb, həm də bu il Xorvatiyaya turistlər daha uzun müddətə gəlirlər.
- Statistikaya inansaq, 4 milyon əhalisi olan ölkəyə ildə 20 milyon turist gəlir. Xorvatiya bu cür turist marağına necə nail oldu? Qonşuluqda Yunanıstan, Türkiyə və İtaliya kimi rəqiblər olduğu halda, uzun illər Avropanın ən sevimli turizm məkanı olaraq qalmağı necə bacarırsınız?
- Yuxarıda qeyd edildiyi kimi, turizm bizim iqtisadiyyatın əsas sektorlarından biridir və dövlət tərəfindən həmişə fəal şəkildə dəstəklənir. Hələ Avstriya-Macarıstan imperiyası dövründən bəri bütün Avropa və onun hüdudlarından kənardan kral ailələri və zadəganlar Xorvatiyada dincəlir və müalicə olunurdular. Buna həm unikal iqlim və onun müxtəlifliyi, öz mikroiqlimi olan kurortlar, dəniz, dağlar - təbiətin özü imkan verirdi.
Ölkənin yerləşdiyi yer də istirahət üçün sadəcə mükəmməl şərait yaradır, ləzzətli yeməklər və gözəl şərabları, tərtəmiz və zəngin su hövzəsi, 1244 ada, il boyu mövcud olan müxtəlif istirahət növləri, zəngin mədəni irs, kurortların unikallığı - adalar, UNESCO obyektləri, Avropada yeganə olan Toplice (termal kurortlar) və sair.
Bundan başqa, yüksək keyfiyyətli səhiyyə, otel bazası, mənzillər və ailə təsərrüfatları sistemi, habelə yerli sakinlərin peşəkarlığı, səmimiliyi, açıqlığı və qonaqpərvərliyi - bütün bunlar Xorvatiyanı dünyanın tətil üçün ən yaxşı ölkələrindən birinə çevirir ki, bu da ildən-ilə turizm statistikası ilə təsdiqlənir.
- Xorvatiya turistlərə nə təklif edir? Ən uzun sahil xətti, gözəl təbiəti və Adriatik dənizinin tarixi abidələri ilə yanaşı, səyahət edənlərin turizm, səyahət və əyləncə üçün başqa hansı imkanları var?
- Xorvatiyada mükəmməl bir tətil üçün lazım olan hər şey var. Mübaliğəsiz, ölkəmizdə bütün istirahət və turizm növləri: ənənəvi çimərlik tətillərindən əlavə, aktiv, idman və ekstremal istirahət, təbiət turizmi, aqroturizm, şəhər turları, ekskursiya turizmi, yaxtaçılıq, kruizlər, enoqastroturizm mövcuddur.
Müalicə və sağlamlıq - müalicə və diaqnostika, reabilitasiya üçün klinikalar və xəstəxanalar, həmçinin Toplice termal kurortları və dünyada ikinci sağlamlıq kurortu «Naftalan» da əlavə imkanlardır.
Mədəni tədbirlər, maraqlı hadisələr, lüks turizm, hər növ düşərgələr, uşaq və idman düşərgələri, avtoturizm və s. də Xorvatiyanın qonaqlara təqdim etdiyi imkanlardır.
On turizm bölgəsi Xorvatiya haqqında romanın on fəsli kimidir, ərazisi ilə deyil, təbiətin, irsin, mədəniyyətin və qastronomiyanın gözəlliyi və müxtəlifliyi ilə ölçülür. Xorvatiyanın on turizm bölgəsinin hər biri unikaldır və hər zövqə və büdcəyə uyğun turistlər üçün zəngin istirahət imkanları təklif edir.
Əsas çimərlik kurortları dəniz bölgələridir: İstriya, Kvarner, Dalmatiya və adalar, onlar mədəni və ekskursiya turizmi, enoqastroturizm üçün uyğundur. Ölkənin kontinental hissəsi - mərkəzi Xorvatiya, Slavoniya və Baranya, paytaxt Zaqreb, dağlıq ərazi Lika-Karlovas - bu təbiət turizmi, kənd, aktiv və ekstremal istirahət, enoqastroturizm və tibbi turizmdir. Ümumiyyətlə, Xorvatiyanın istənilən yerində hər bir qonaq öz zövqünə uyğun bir şey tapacaq, lakin onlar tətillərini daha da şaxələndirmək istəyirlərsə, Xorvatiyada nəqliyyat əlaqələri yaxşı inkişaf etmişdir, yaxşı avtobanlar, ictimai nəqliyyat və dəniz nəqliyyatı var. Buna görə də lazım olan yerə asanlıqla çatmaq mümkündür, məsələn, Zaqrebdən dənizə qədər yolu avtomobillə cəmi 2 saata qət etmək olar. Xorvatiyada turizm növləri haqqında tam məlumatı rəsmi portalda tapa bilərsiniz https://croatia.hr/ru-ru
- Xorvatiyaya gəlmək üçün ən yaxşı mövsüm hansıdır - məsələn, qış turizmi üçün imkanlar varmı? Xorvatiya büdcə səyahətçiləri üçün nə dərəcədə əlçatandır?
- Xorvatiya il boyu istirahət üçün məkandır. Yaydakı əsas çimərlik tətili mövsümündən başqa. qışda - Advent turizm (Yeni il tətilləri, yarmarkalar və şənliklər dövrü) Zaqrebdə və sahilyanı şəhərlərdə çox məşhurdur. Bundan başqa, Xorvatiyada donmuş nağılvarı şəlalələr, xizək yolları və dağ-xizək kurortları və karnavallar qışı gözəlləşdirir.
Payızda - enoqastroturizm, şərab turları, yaxtaçılıq, həftə sonu turları, aktiv turizm, baharda isə - təbiətin oyanması, dağlarda gəzinti, təbiəti və heyvanları və quşları müşahidə etmək, şəhər turları mümkündür. Bahar və payız sadəcə əla seçimdir - daha az turist, daha sərfəli mənzil, daha rahat tətillər və münasib qiymətlərdir.
- Çox vaxt səyahətlər qısa müddətə formalaşır və turistlər daha az vaxtda daha çox görməyə çalışırlar. Xorvatiyaya gələn turistlərə turizm imkanlarından əlavə nə təklif olunur?
- Kombinə edilmiş turlar - Toplicedə və ya Xorvatiyadakı klinikalarda müalicə + Zaqreb, Samobor, Zaqreb yaxınlığındakı qala və saraylara turlar - əla seçimdir.
Tədbir turları da məşhurdur, bir çox dünya festivalları Xorvatiyada keçirilir, onları həmçinin çimərlik tətili və ya görməli yerlərin gəzinti turları ilə birləşdirmək olar. Yeri gəlmişkən, pandemiya zamanı Xorvatiyaya peyvənd turları da məşhur idi.
Xorvatiyanın 10 bölgəsinin hər biri maraqlı yerlər, şəhərlər, təbii gözəlliklər, zəngin dadlar, qoxular, səslər və təəssüratlarla zəngindir ki, bu da ən yaxşı xatirələri yaşadır və sizi dünyanı kəşf etməyə dəvət edir. Həqiqətən, hər bir turist ilin istənilən vaxtında öz zövqünə uyğun bir şey tapa bilər.
- Cənab Ruziçka, birbaşa əlaqənin olmaması səbəbindən turistin Azərbaycandan Xorvatiyaya uçması kifayət qədər baha başa gəlir. Bəzən uçuşun qiyməti hətta 1000 dollara çatır, bu, hətta avropalı turist üçün də bahadır. İki ölkə arasında birbaşa aviareyslərin açılması Bakıda turizm şirkətləri, dövlət qurumları və aviaşirkətlərlə aparılan danışıqlarda müzakirə olunan əsas məsələlərdən biri olub. Sizcə, bu yay belə uçuşların açılışının şahidi ola biləcəyikmi?
- Təəssüf ki, bu yay, çox güman ki, Xorvatiyaya birbaşa uçuşlar elan etmək mümkün olmayacaq. Lakin biz bunun üzərində intensiv işləyirik və ümid edirik ki, yaxın gələcəkdə həqiqətən də Azərbaycandan Xorvatiyaya birbaşa aviareysin açılmasının şahidi olacağıq. Artıq bu məsələ ilə bağlı Azərbaycandan və Xorvatiyadan olan tərəfdaşlarımızla danışıqlar aparılır və böyük sevinc hissi ilə deyə bilərəm ki, qarşılıqlı və böyük maraq var.
- Təbii ki, Bakıya tez-tez gəlişinizin əsas məqsədi Xorvatiyaya səfər edəcək turistlər siyahısında çoxlu sayda azərbaycanlı turisti görməkdir. Azərbaycanlı turistlərin daha da marağına səbəb olmaq üçün hansı addımları atmaq niyyətindəsiniz? Məsələn, viza alınmasının sadələşdirilməsi, turların qiymətində endirimlər və s. ?
- Biz bir sıra marketinq fəaliyyətləri, o cümlədən PR tədbirləri, press-turlar keçiririk. Hər iki ölkənin jurnalistləri, bloqqerləri və influenserləri, turoperatorları və aviaşirkətləri ilə fəal işləyirik. Eləcə də viza məsələlərində həmkarlarımızla əlaqə saxlayırıq, Azərbaycandan olan əziz qonaqları gözəl Xorvatiyaya cəlb etmək üçün əlimizdən gələni edirik.
- Xorvatiyanın Şengen viza zonasına daxil olması ilə Xorvatiyaya gəlmək istəyən azərbaycanlı turistlər üçün nə dəyişdi?
Çoxdəfəli Şengen vizası sahibləri Xorvatiyadan Şengen zonası ölkələrinə və əks istiqamətə əlavə nəzarət olmadan gedə bilərlər, artıq sərhədlər yoxdur.
Həmçinin, 2023-cü ilin yanvar ayından Xorvatiya Avrozonaya daxil olduğu üçün yalnız bir valyutadan - avrodan istifadə etmək daha rahat olub.
- Biz adətən Xorvatiyaya turistlərin marağından danışırıq. Turizmə sərmayə qoymaq istəyən azərbaycanlı iş adamları üçün Xorvatiyada hansı imkanlar var?
- Xorvatiya turizm ölkəsidir, ona görə də oxşar maraq var və bu məsələ aktualdır, lakin bizim ofis turizmə sərmayə məsələləri ilə məşğul olmadığına görə, bu mövzuda Xorvatiya Respublikasının Bakıdakı səfirliyi ilə danışmağı məsləhət görərdik.
- Bildiyimizə görə, Xorvatiya Turizm İcması turizm imkanlarının təşviqi üçün Cənubi Qafqaz, Mərkəzi Asiya və Ərəbistan yarımadasını hədəf regionlar kimi seçmişdir. Bu marağın gündən-günə artdığını nəzərə alsaq, bu ölkələrdən hansında Şuranın regional nümayəndəliyinin açılmasını gözləmək olar və hansı səbəbdən konkret olaraq bu ölkədə?
- Təbii ki, bu bazarlar bizim üçün çox vacib və maraqlı olmaqla yanaşı, həm də yenidir. Hazırda konkret ölkədə nümayəndəliyin açılması ilə bağlı hələ qərar yoxdur, bu, çox vaxt aparan kifayət qədər zəhmətli prosesdir. Amma bu bazarlar fəal şəkildə öyrənilir və biz onların marağını da müşahidə edirik. Nümayəndəliyin açılması perspektivləri də gələcək ikitərəfli əməkdaşlığın inkişafından asılı olacaq.