Azərbaycanda “Turizm haqqında” yeni qanun turistlərin aldadılması hallarının qarşısını alacaq.
Eləcə də bax: Bəzi normativ hüquqi aktlar “Turizm haqqında” yeni qanuna - UYĞUNLAŞDIRILACAQ
FED.az xəbər verir ki, bunu turizm məsələləri üzrə ekspert Əziz Şiriyev deyib.
O bildirib ki, yeni qanun turizm şirkətləri qarşısında bir sıra tələblər qoyur.
“Əvvəl turizm şirkətinin yaradılması üçün lisenziya tələb edilirdi. Lakin sonra bu tələb ləğv edildi. Əslində lisenziyanın ləğv edilməsində məqsəd turizm sahəsində inkişafa nail olmaq idi, amma bəzi insanlar bundan düzgün istifadə etmədilər və saxta turizm şirkətlərinin sayı artmağa başladı.
Əvvəl 289 turizm şirkəti var idi və o şirkətlərin hər biri lisenziya, akreditasiya ilə işləyirdi. Lakin lisenziya tələbi aradan qalxdıqdan sonra insanlar asan şəkildə şirkət açmağa başladılar. Yeni yaradılan şirkətlərin çoxu da sosial şəbəkələr üzərindən fəaliyyət göstərməyə, heç bir ofisi, işçi heyəti olmadan işləməyə başladılar. Müştərilər kütləvi şəkildə fırıldaqçılarla üz-üzə qaldılar. İnsanlar turpaketə pul ödəyib, sonradan səfərə getmək üçün hava limanına gedəndə görürdülər ki, əslində onları aldadıblar, turpaketi satan şirkətə isə zəng çatmır. “Turizm haqqında” yeni qanun artıq bu məsələlərə son qoymuş oldu.
Artıq bundan sonra turizm şirkətləri fiziki yox, hüquqi şəxs olacaq. Şirkətlər qeydiyyata düşəcəklər, ofislərinin ünvanı, nə qədər işçilərinin olması barədə məlumat verəcəklər. Bütün bunlardan sonra artıq peşəkar şirkətlər fəaliyyət göstərəcək, tələblərə cavab verməyənlər isə cərimələnəcək”, - deyə Ə.Şiriyev əlavə edib. (Trend)