Baş Nazir Əli Əsədov “Turizm haqqında” 27 dekabr 2021-ci il tarixli qanunun tətbiqi barədə” ölkə prezidentinin 18 fevral 2022-ci il tarixli fərmanının icrasının təmin edilməsi haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncama əsasən, Ədliyyə Nazirliyi, Dövlət Turizm Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının sözügedən qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini, Dövlət Turizm Agentliyi İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını, Dövlət Turizm Agentliyi Mədəniyyət Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması qaydasını iki ay müddətində hökumətə təqdim etməlidir.
Bundan başqa, razılaşdırma prosesinin iştirakçılarına (əsas və birgə icraçılar) bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatana qədər Nazirlər Kabinetinə təqdim etmək, eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlərə “Normativ hüquqi aktlar haqqında” qanunun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etmək tapşırılıb.
Sərəncamda həmçinin deyilir ki, mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat versinlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat versin.
Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik, eləcə də Humanitar məsələlər şöbələrinə həvalə edilsin.