Azərbaycanda rəsmi statistikaya əsasən 650-dən çox mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərir. Onların təxminən üçdə bir hissəsi Bakının, qalanları isə regionların payına düşür.
Eləcə də bax: "Quba-Qusar-Xaçmaz bölgəsinə istirahətə gedənlərin sayında azalma var"
FED.az xəbər verir ki, bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib.
Onun sözlərinə görə, yay mövsümündə Azərbaycana gələn turistlərin sayı artır.
"Əsasən turistlər Qəbələ, Lənkəran, Quba, Qusar və Şəki kimi regionlara səfər edirlər. Bundan başqa ölkənin Gəncə ətrafı rayonlarında da turizm baxımından canlanma var. Regionlarda yerləşən hava limanlarından səmərəli istifadə etsək, ölkəmizə turist axınını arıra bilərik",- S.Dübəndi qeyd edib.
S.Dübəndi deyib ki, regionlardakı hotellərin çoxu yay mövsümünə hazırdır. Paytaxtdakı hotellər də öz qonaqlarını qəbul etməyə hazırdırlar.
"Amma demək olmaz ki, yerli və xarici qonaqları qarşılayacaq bütün müəssisələr yay mövsümünə tam hazırdır. Əsas səbəb həmin müəssisələrin pandemiyanın sərt vaxtı ziyan çəkmələridir. Belə ki, pandemiya vaxtı hotellər tək maddi, yox həm də personal baxımından itkilərə məruz qaldı. Buna görə də həmin turizm müəssisələrinin bərpa prosesi uzun çəkir",- deyə o bildirib. (Trend)