Ölkəmizdə yay turizm mövsümü başlayıb. İnsanlar şəhərin səs-küylü həyatından uzaqlaşıb, bölgələrə üz tuturlar. Gözəl təbiəti, zəngin mətbəxi ilə turistləri cəlb edən cənub rayonları, o cümlədən Lənkəran da turistlərin istirahət ünvanına çevrilib.
Qəbələyə indi də Hindistan turistləri axışır - Hər 3 turistdən 1-i hindistanlıdır
FED.az xəbər verir ki, füsunkar təbiəti ilə seçilən Lənkərana respublikamızın müxtəlif şəhər və rayonlarından, həm də xarici ölkələrdən çoxlu turistlər gəlir.
Otel sahibi Təranə Səmədova ilə söhbət zamanı bildirib ki, yay fəslinin ilk ayında havaların qeyri-sabit keçməsi turizm məkanları üçün bir qədər əlverişsiz olsa da, artıq vəziyyət dəyişib: “Otelimiz gələn qonaqları qarşılamağa hazırdır. Daha çox xarici ölkələrdən gəlirlər. Bu il İngiltərə, Almaniya, İordaniya, Rusiya və Gürcüstandan qonaqlarımız olub. Yerli turistlərimiz də gəlirlər. Çalışırıq ki, hər zaman yüksək xidmət göstərək”.
Otellərdə 2 nəfərlik otaqların qiyməti standart və ya VİP olmasına görə fərqlənir. Səhər yeməyi və hovuz daxil olmaqla, iki nəfərlik “standart” otaqlar 110-130 manat, “delüks” otaqlar 160-180, “lüks” otaqlar isə 200-220 manat arasında dəyişir. 2-3 ailənin qala biləcəyi kotteclərdə isə qiymətlər 300-350 manatdır. Dənizə yaxın ərazidə yerləşən otellərdə artıq yerlər məhduddur.
Sahibkarlar çalışırlar ki, otellərdə turistlər üçün əlverişli şərait yaratsınlar. Belə otellərdən birinin meneceri İlkin Rüstəmov isə deyir ki, otelin böyük hovuzu həm böyüklər, həm də uşaqlar üçün açıqdır. Burada voleybol və basketbol meydançaları da var. “Gamezone” əyləncə mərkəzi isə bu günlərdə istifadəyə veriləcək.
Lənkəranın əksər otellərində iyul-avqust ayları üçün boş yer yoxdur. Turistlər əsasən dəniz, eləcə də meşəətrafı sakit ərazilərdə dincəlməyə üstünlük verirlər. Onların arasında yerli turistlərlə yanaşı, Rusiya və MDB dövlətlərindən olan əcnəbilər də var. Hindistandan və Pakistandan olan qonaqlar da çoxluq təşkil edir. Turistlərə əsasən, cənub bölgəsinin mətbəxi, eləcə də Avropa mətbəxindən yeməklər təklif olunur.
Turizmin inkişafına otel və hotellərdə olan infrastruktur, şərait, xidmət səviyyəsi və digər meyarlar birbaşa təsir edir. Bu baxımdan otellərin ulduz təsnifatından keçməsi vacib amildir. Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar İzimov qeyd edib ki, cənub bölgəsində olan otellərin bir qismi artıq təsnifatdan keçərək, ulduz alıb. Digərlərinin də ulduz alması üçün müraciətlər olunub və həmin otellərə ilkin baxış keçirilib. Bölgədə 5, 3, 2 ulduzlu otellər var və bu proses hazırda davam edir. İlin sonunadək əksər otellərin ulduz təsnifatından keçməsi planlaşdırılır”.
Onu da qeyd edək ki, cənub bölgəsində otel və qonaqlama xidməti göstərən obyektlərin artıq 90 faizi elektron formatda turizm reyestrindən keçib. Bu, turistlərin birbaşa reyestrə daxil olub, ətraflı məlumat əldə etmələrinə imkan yaradır.
Ümumiyyətlə, Lənkəranda 28 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. 2023-cü ildə Lənkərana 74015 turist gəlib. Bunlardan 71597-si yerli turist, 2418-i xarici turist olub. (Azərtac)