Bu ilin yanvar-iyun aylarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 44 min 310 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 17 min 641 nəfəri və ya 39,8 faizi Azərbaycan, 26 min 669 nəfəri və ya 60,2 faizi xarici ölkə vətəndaşı olub.
Şöbə müdiri: "Çindən Azərbaycana gələn turistlərin sayı 135 % artıb"
FED.az xəbər verir ki, bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, yanvar-iyun aylarında Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 min 860 nəfər və ya 25 faiz artıb. Altı ayda yerli turistlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 1655 nəfər və ya 8,6 faiz azalsa da, əcnəbi turistlərin sayında 10 min 515 nəfər və ya 65,1 faiz artım qeydə alınıb.
Cari ilin yanvar-iyun aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib. Belə ki, altı ayda bu ölkənin 14 min 66 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, yanvar-iyun aylarında Qəbələyə Səudiyyə Ərəbistanından 3905, Birləşmiş Ərəb Əmirliklərindən 2168, Küveytdən 1070, Pakistandan 717, Rusiyadan 601, Qətərdən 405, Omandan 384, İsraildən 311, Türkiyədən 195, Bəhreyndən 160, Böyük Britaniyadan 156, ABŞ-dan isə 98 turist səfər edib. Bundan əlavə, həmin müddətdə Qəbələyə digər ölkələrdən də xeyli sayda əcnəbi turist gəlib.
Altı ayda Qəbələ rayonu ərazisində yerləşən 18 mehmanxana və mehmanxana tipli müəssisədən 15-i fəaliyyət göstərib. Bir gün qalmaq üçün orta qiymət 68,9 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub. İlin birinci yarısında turizm obyektlərində 979 işçi çalışıb.