Xəbər verildiyi kimi, Nazirlər Kabineti Azərbaycanda otellərin pandemiya şəraitində işləməsi ilə bağlı yeni qaydaları və tələbləri qəbul edib.
Eləcə də bax: Azərbaycanda otellər yeni qaydalarla işləyəcəklər – HÖKUMƏTDƏN QƏRAR, TƏLƏBLƏR
FED.az-ın məlumatına görə, qaydalarda otel qonaqlarının və işçi heyətin koronavirusdan qorunması üçün dezinfeavsiya və digər qoruyucu tədbirlər göstərilib.
Otel idarəçiləri isə bildirir ki, təhlükəsizlik tələbləri əslində təbii olsa da, belə sərt qaydalar onların xərclərini artıracaq və fəaliyyətə mənfi təsir edəcək.
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) üzvü «New Baku Hotel»in idarəçisi Ceyhun Aşurov FED.az-a bildirib ki, bu yeniliklər və tələblər əlavə böyük xərclərə səbəb olur: «Burada xüsusilə yeni işə qəbul edilən işçilərni koronavirus testi və ümumiyyətlə bütün işçilərin həftədə bir dəfə test edilməsidir. İndiki qiymətləri nəzərə alanda bir işçinin test xərcləri ayda 400 manat təşkil edir. Bizim oteldə 20-yə yaxın işçi var və bu hesabla bizim test xərclərimiz ayda 8 min manat təşkil edəcək».
C.Aşurov bildirib ki, ümumiyyətlə otellərdə işçi sayı nömrə bahşına 0,5-1,5 nəfər arasında dəyişir.
Otel idarəçisinin sözlərinə görə, bu və digər tələblər otellərdə qiymətlərin artımı ilə nəticələnə bilər. O qiymətlərin nə qədər artacağı ilə bağlı suala cavab verməkdə çətinilk çəksə də, bildirib ki, yeni tələblər otelləri böyük xərclərə salacaq.
Amma otellər bu məsələni yenidən müzakirə etmək niyyətindədirlər: «Biz otellər assosiasiyasına və digər qurumlara müraciət edəcəyik ki, tələblərə yenidən baxaraq bir qədər yumşaltsınlar. Otellər Assosiasiyasında da bu barədə danışıqlar gedir və orada da aidiyyatı üzrə təkliflər veriləcək».