Bu ay yaradılmış "Azərbaycan Aqroturizm Assosiasiyası" İctimai Birliyi aqroturizmin inkişafı üçün qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi məqsədilə təkliflər hazırlayacaq.
"Azərbaycan Aqroturizm Assosiasiyası" yaradılıb - FOTOLAR
FED.az xəbər verir ki, bunu Assosiasiyanın sədri Elçin Əkbərov bildirib.
"Azərbaycanda aqrar sektor əksər vergilərdən azad olsa da, bunun turizm sektoruna aidiyyəti yoxdur. Aqroturizmlə məşğul olanların isə necə vergi ödəyəcəyi müəyyən edilməyib. Bu sahənin vergilərdən azad olunması ilə bağlı təkliflər hazırlanacaq. Ümumiyyətlə, aqroturizm digər turizm sahələri ilə müqayisədə daha az inkişaf edib. Vergi güzəştlərinin tətbiqi, eləcə də bu fəaliyyət növü barədə ictimaiyyətin geniş məlumatlandırılması onun inkişafına dəstək ola bilər. Aqroturizm təsisatları müəyyən bir həddə gəlib çatandan sonra qərar vermək olar ki, bu sahə vergidən azad olaraq qalsın, yoxsa turizm sektoru kimi vergiyə cəlb olunsun", - deyə o qeyd edib.
Bundan başqa, Assosiasiya sədrinin sözlərinə görə, hazırda rəhbərlik etdiyi qurum aqroturizm təsisatlarının problemlərini öyrənməklə məşğuldur: "Aqroturizm təsisatlarının sayı az olduğu üçün onların problemlərinə elə də diqqət yetirilməyib. Yəqin ki, təsisatların sayı artdıqdan sonra bu sahə daha çox marağa səbəb olacaq. Hazırda aqroturizmlə məşğul olanların problemlərini öyrənirik və onları ümumiləşdirərək həlli üçün müəyyən təkiflərlə çıxış edəcəyik. Biz bu sahədə də dünya təcrübəsinə əsaslanan standartların formalaşdırılmasını, aqroturizm təsisatlarının həmin standartlara cavab verib-vermədiyini təsdiqləyən qiymətləndirmə şkalasının müəyyən edilməsini istəyirik”.
"Aqroturizmin ən böyük üstünlüyü ondan ibarətdir ki, fermerlər yerli məhsullardan və mövcud imkanlardan istifadə etməklə regionun gəlirlərini artırır və iqtisadi çətinliyin aradan qaldırılmasına kömək edir. Fermerin ünsiyyətcil, mehriban, qonaqpərvər olması müştəri məmnuniyyətini şərtləndirən ilkin əlamətlərdəndir. Ona görə də biz istəyirik ki, aqroturizm təsisatlarını idarə edənlərin bu sahə ilə bağlı geniş məlumatları olsun, onların bilik və bacarıqları artırılsın. Aqroturizmlə məşğul olanlar turistlərin nə istədiklərini başa düşmək, bu istəkləri qarşılamaq üçün məhsul və xidmətləri hazırlamaq, onları insanlara təqdim etməklə bağlı biliklərə malik olmalıdırlar. Düzgün yanaşma olmadan hətta ən yaxşı idarə olunan aqrar turizm müəssisələri heç vaxt arzu olunan uğurları əldə edə bilməzlər. Ona görə də biz istəyirik ki, aqroturizm müəssisələri düzgün iş və marketinq straretgiyası qursunlar. Bu istiqamətdə iş aparılması vacibdir”. (Report)