Dünən Qusar rayonunun Caqar kəndində "Park Qusar" istirahət mərkəzinin ərazisində kotecdə yanğın baş verməsi nəticəsində bir ailənin 3 üzvü və daha bir nəfər olmaqla 4 nəfər ölüb, 6 nəfər yaralanıb.
«Park Qusar» hotelində yanğın oub - 4 NƏFƏR ÖLÜB – ADLAR – RƏSMİ AÇIQLAMALAR
İlkin araşdırmalarla yanğının kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verdiyi ehtimal edilir.
Bəs insanlar necə etsinlər ki, bu təhlükə ilə üz-üzə qalmasınlar.
FED.az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, bütün növ istirahət, əyləncə mərkəzlərində təhlükəsizlik qaydaları kompleks şəkildə görülməlidir.
"Yanğın təhlükəsizliyinə də mütləq riayət edilməlidir. Və yanğın təhlükəsizliyinə nəzarət edən şəxs təyin olunmalıdır. Bu şəxs mütləq peşə təlimi keçmiş şəxs olmalıdır. İstirahət məkanının yanğından təhlükəsizlik planı hazırlanır və dövlətin aidiyyəti qurumu ilə razılaşdırıldıqdan sonra təsdiq olunur. İstirahət mərkəzlərində yerləşən koteclərdə yanğın təhlükəsizliyi norma və standartlara uyğun layihələndirilməlidir."
Ekspert bildirib ki, əsasən taxta koteclər meşəlik ərazilərdə yerləşir.
“Həmin ərazilərdə yerləşən koteclərin üzlüyü mütləq yanmayan materialla üzlənməli və ətrafında tez alışan materiallar, mayelər, avadanlıqlar olmalı deyil. Daha sonra isə kotecin içində soba və kamin varsa, onların yerləşdiyi yer təxminən 2 kvadratmetr sahədə yanmayan döşəmədən olmalı, divarı, tavanı yanmayan üzlüklə üzlənməlidir. Sobaların və kaminlərin istismarı mütləq qaydada təlimata uyğun formada həyata keçirilməlidir. Belə ki, soba və kaminlərin yerləşdiyi otaqlar tərk edilərsə belə mütləq nəzarətdə saxlanılmalı və yanan od söndürülməlidir.“
E.Nurəliyev həmçinin bildirib ki, bəzən olur ki, otaq isti qalsın deyə soba və kamin söndürülmür.
“Bu da sonda bədbəxt hadisələrin baş verməsi ilə nəticələnir. İstirahət mərkəzlərində təhlükəsizliyə cavabdeh şəxs gələn qonaqları mütləq şəkildə təhlükəsizlik qaydaları ilə tanış etməlidir ki, belə hadisələr baş verməsin”, - deyə ekspert qeyd edib. (Trend)