Qusarda 4 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.
Yanğın nəticəsində Qızıl Emalı Zavoduna dəymiş zərəri “Paşa Sığorta” ödəyəcək - AÇIQLAMA
FED.az xəbər verir ki, yanğın yanvarın 22-də səhər saatlarında hotel ərazisindəki kotteclərdə baş verib.
Yanğın zamanı 3-ü bir ailənin üzvü olmaqla 4 nəfər - 1969-cu il təvəllüdlü Emin Babayev, 1981-ci təvəllüdlü Zülfiyyə Babayeva, 2005-ci il təvəllüdlü Rauf Babayev (bir ailənin üzvləri) və 1973-cü il təvəllüdlü Rüstəm Dadaşov adlı şəxslər yerindəcə vəfat edib.
Digər koteclərdə olan 6 nəfər xəsarət alıb. Bunlar 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşovadırlar.
TƏBİB-dən FED.az-a verilən məlumata görə, Qusar rayonunda yerləşən «Park Qusar» istirahət mərkəzində baş verən yanğınla əlaqədar TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.
Hadisə nəticəsində xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Xəsarət alanlardan 5-i Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib. 1 nəfərin müalicəsi isə Qusar Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Xəsarət alanlardan ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir.
Artıq baş verən hadisə ilə bağlı Qusar rayon prokurorluğunda araşdırma başlayıb. Prokurorluğun məlumatına görə, yanvarın 22-si saat 04 radələrində Qusar rayonunda yerləşən «Park Qusar» hoteldə yanğın baş verməsi barədə məlumat daxil olub.
Prokurorluq əməkdaşları dərhal hadisə yerinə baxış keçirib, zəruri istintaq hərəkətləri aparılıb.
İlkin ehtimala əsasən yanğın istirahət mərkəzində yerləşən kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verib.
Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.