Azərbaycanda ən böyük zərərlə işləyən dövlət qurumlarından biri – «Şahdağ» Turizm Kompleksi yeni mövsümə start verib.
FED.az xəbər verir ki, bu barədə şirkətin rəhbərliyi elan edib.
Xatırladaq ki, «Şahdağ» turizm kompleksi fəaliyyətə başladığı gündən zərərlə işləyir və indiyədək bütün illəri zərərlə başa vurub.
Belə ki, kompleks 2017-ci ildə 24,4 milyon manat, 2018-ci ildə 27,5 milyon manat, 2019-cu ildə 20,4 milyon manat, 2020-ci ildə 16,8 milyon manat, 2021-ci ildə 6,3 milyon manat zərər edib. Bir neçə gün əvvəl açıqlanan hesabata görə, «Şahdağ, Kompleksi 2022-ci ili də zərərlə başa vurub - 8,7 milyon manat. Nəticədə kompleksin indiyədək yığılan zərəri 100 milyon manat ətrafındadır.
Baxmayaraq ki, bütün bu illər ərzində kompleksi dövlətdən davamlı dəstək alıb və bu dəstək indi də davam etməkdədir.
Dövlətdən hər il 12-14 milyon dəstək alan «Şahdac Turizm Mərkəzi» yenə də zərərlə işləyir – DAHA 8 MİLYON MANAT
Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov mərkəzin zərərlə işləməsinə də münasibət bildirib. Onun sözlərinə görə, hesabatda göstərilən 100 milyon manata yaxın zərər 2016-cı ildən bu günə qədər toplam zərərdir: «Bu, nəğd zərər deyil, orada vergilər və digər xərclər var. Qeyd edim ki, 2021-ci ildə dövriyyəmiz 6,3 milyon manat, dövlətdən verilən vəsait 13,9 milyon manat idisə, 2022-ci ildə dövriyyə 10,4 milyon manat təşkil edib. Bu, 65 faiz daha artıq dövriyyə deməkdir. Həmçinin 2022-ci ildə dövlətdən ayrılan subsidiya 12 milyon manat təşkil edib. Bu da 14 faiz azalma deməkdir. İllik satışın 65 faizi, xərclərin 37 faiz artması bizim sənaye üçün çox yaxşı göstəricidir».
Rüstəm Nəcəfov dediklərini əsaslandırmaq üçün 7 il əvvəlki vəziyyətlə müqayisə aparıb, deyib ki, 2016-cı ilin dövriyyəsi 3,1 milyon manat idisə, keçən il bu göstərici 7,3 milyon manat olub. O cümlədən 2016-cı ildə dövlətin ayırdığı vəsait 17,9 milyon manat təşkil etmişdi, bu məbləğ də hər il azalır: «İldən-ilə gəlirlər artır və dövlətdən asılılıq azalır. Biz zərərimizi azaltmaq üçün gəlirlərimizi artırmağı və dövlətdən asılılığımızı azaltmağı hədəfləmişik. Ümid edirəm ki, qısa zamanda buna nail olacağıq».