Azərbaycanın ən böyük qış-yay turizm mərkəzi olan «Şahdağ Turizm Mərkəzi» 2022-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb.
Qeyd edək ki, qurum turizmin inkişafı məqsədilə dövlətdən həl il 12-14 milyon manat həcmində dəstək alsa da, yenə də ili böyük zərərlə tamamlayıb.
FED.az xəbər verir ki, 2022-ci ildə şirkətin təsərrüfat fəaliyyətindən gəlirləri 9,6 milyon manat olub, bu əvvəlki illə müqayisədə 3,5 milyon manat artıqdır.
Şirkətin sair gəlirləri isə əksinə – yarım milyon manat azalaraq 783 min manata düşüb.
Eyni vəziyyətdə dövlətin mərəzə yardım üçün ayırdığı vəsait də 2021-ci ildəki 13,8 milyon manatdan, 2022-ci ildə 12 milyon manat olub.
Mərkəzdə satışın maya dəyəri də 12 milyon manat olub.
Nəticədə «Şahdağ Turizm Mərkəzi» 2022-ci ili 10,5 milyon manata ümumi mənfəətlə tamamlayıb. Bununla yanaşı, inzibati xərcləri (16,3 milyon manat), maliyyə xərclərini (153 min manat) və gəlirdən çıxılan vergiləri (2,7 milyon manat) nəzərə aldıqda, «Şahdağ Turizm Mərkəzi» 2022-ci ili 8,7 milyon manat xalis zərərlə tamamlayıb.
Bu 2021-ci ildəkindən də artıqdır – xatırladaq ki, 2021-ci ildə şirkətin zərəri 6,3 milyon manat olmuşdu.
2022-ci ilin sonuna «Şahdağ Turizm Mərkəzi»nin cəmi aktivləri 10 milyon manat azalaraq 312 milyon manatdan 302 milyon manata düşüb.
Şirkətin cəmi kapitalı 309 milyon manatdan 300 milyon manata enib.
Öhdəlikləri isə təqribən 1 milyon manat azalaraq 3 milyondan 2 milyon manata düşüb.
Bu ilki zərəri də nəzərə alanda, «Şahdağ Turizm Mərkəzi»indiyədək 97 milyon manat zərər edib. Nəticədə indiyədək onun nizamnamə kapitalına yatırılan 397 milyon manatın 97 milyon manatı «əriyib».