Gürcüstanın bu ilin yanvar-sentyabr aylarında turizmdən əldə etdiyi gəlir 2,5 milyard dollar təşkil edib.
Eləcə də bax: Türkiyə otellərindən hər turistə görə – YENİ VERGİ TUTULACAQ
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyinin Milli Turizm Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bu ilin doqquz ayının gəliri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 190,8% çoxdur. Nazirlik qeyd edir ki, təkcə sentyabr ayında respublika turizmdən 375 milyon dollardan çox gəlir əldə edib ki, bu da 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 132,1% çoxdur.
Koronavirus pandemiyasının başlamasından sonra turizm sənayesinin bərpa prosesinə gəlincə, turizm administrasiyası qeyd edib ki, bu ilin yanvar-sentyabr ayları üzrə gəlirlər 2019-cu ilin analoji göstəriciləri ilə müqayisədə 97,5% bərpa olunub.
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstana 3,8 milyondan çox xarici turist səfər edib, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur. Respublikaya ən çox turist Rusiya, Türkiyə və Ermənistandan gəlib. (Marja)