Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Sea Breeze” kurort kompleksinin tikintisinə investisiyaların həcmi 2025-ci ilə qədər 1 milyard ABŞ dollarına çata bilər.
Emin Ağalarov “Sea Breeze”ə xərclədiyi məbləği - AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə TASS-a layihənin tərtibatçısı, rusiyalı iş adamı Emin Ağalarov məlumat verib.
Onun sözlərinə görə, hazırda layihəyə ümumilikdə 700 milyon ABŞ dolları həcmində sərmayə yatırılıb: “Lakin düşünürəm ki, yaxın bir neçə ildə bu rəqəm təxminən 1 milyard ABŞ dollara çata bilər”.
E.Ağalarov qeyd edib ki, layihə çərçivəsində 500 min kvadratmetrə yaxın daşınmaz əmlak tikilib: “Hazırda kotteclərdən tutmuş iri hotellərə qədər 50-yə yaxın çoxformatlı bina tikilir. Növbəti ildə daha 100-ə yaxın binanın inşasına başlanılması nəzərdə tutulur”.
Xatırladaq ki, Bakı ətrafında, Xəzər dənizi sahillərində “Sea Breeze” qəsəbəsinin yaradılması 2005-ci ildə çimərliyi olan beşulduzlu hotelin tikintisi ilə başlayıb. İndi layihəyə mənzil kompleksləri, villalar, otellər, restoranlar, sosial infrastruktur və konsert zalı daxildir. Ərazinin ümumi sahəsi təxminən 450 hektara yaxındır. (Report)