Son günlər Şamaxı rayonuna gələn turistlərin sayında böyük artım müşahidə olunur. Qış tətili ilə əlaqədar olaraq rayon ərazisində fəaliyyət göstərən hotel və istirahət mərkəzlərində qiymətlərin 10-20 faiz endirilməsi turistlər üçün əsl bayram hədiyyəsi olub.
Eləcə də bax: Otellər 40-80 manat, evlər 15-20 manat - QUBADA YENİ İL
FED.az xəbər verir ki, bu günlərdə Şamaxıya gələn turistlərin əksəriyyəti dağ massivində, Pirqulu zonasında yerləşən hotel və istirahət mərkəzlərində dincəlməyə üstünlük verirlər.
Şamaxıda olan turizm və istirahət mərkəzlərinin müasir standartlara cavab verməsi, xidmətlərin yüksək səviyyədə olması, bayramla bağlı endirimlərin edilməsi və qışın əsas rəmzi olan qarın bu günlərdə yağması turist axınının artması ilə nəticələnib.
Eləcə də bax: Azərbaycanda 2000 xarici və yerli turist - YENİ İLİ BU ŞƏHƏRDƏ QARŞILAYIB
Aparılan müşahidələr onu göstərir ki, qış tətili günlərində Şamaxıya gələn yerli və xarici turistlərin sayı gözləniləndən daha çoxdur. Rayon ərazisində yerləşən bütün hotel və istirahət mərkəzləri 100 faiz dolub. Bundan əlavə, kənd evlərində qalan turistlər də çoxdur. Onlar əsasən Çuxuryurd, Nağaraxana, Məlhəm, Avaxıl və Dəmirçi kəndlərində qalmağa üstünlük verirlər.
Bayram günlərində Şamaxıya gələn xarici turistlər arasında Rusiyadan, BƏƏ-dən, Türkiyədən, Asiya və MDB ölkələrindən olanlar çoxluq təşkil edir. Tətil günlərində Şamaxıya gələn turistlərin ən çox maraq göstərdiyi və ziyarət etdikləri yerlər Pirqulu zonasında yerləşən Astrofizika Rəsədxanası, Dəmirçi kənd turizm kompleksi, Şamaxı Cümə Məscidi, Yeddi Günbəz abidəsi, Şahxəndan türbəsi və təbiət olub.