Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə elan olunan qeyri-iş günlərində Qubadakı istirahət mərkəzlərində dincələn turistlərin sayı iki dəfə artıb.
FED.az xəbər verir ki, bayram günlərində Quba rayonuna gələn turistlər daha çox Qəçrəş və Quba-Xınalıq istiqamətində yerləşən istirahət mərkəzlərinə üz tutublar.
Qış mövsümündə Quba rayonunda turistlər 10-dan çox istirahət mərkəzinin xidmətindən istifadə edə bilirlər. Hazırda rayona gələn qonaqlara 6 istiqamət üzrə turizm marşrutu təklif olunur. Qubaya gələn turistlər buradan Qusarın Ləzə və Həzrə kəndləri istiqamətində də səyahət edə bilərlər.
Bakı şəhər sakini Firəngiz Mürsəlova hər il ailəliklə Qubaya səyahət etdiklərini bildirib. “Quba paytaxta yaxındır. Cəmi iki saatlıq yoldur. Ötən illərdə Yeni il bayramında qar yağmışdı. Amma bu il mənzərə fərqlidir. Bununla belə Qubanı təbiət mənzərələri, təmiz havasına görə gəlib görməyə dəyər. Qəçrəşdən sonra Xınalıq kəndinə gedəcəyik. Hava münasib olduğundan yol da təhlükəsizdir”, - deyə F. Mürsəlova söyləyib.
İranlı turist Həmid Rzayi ilk dəfədir Qubaya səfər edib. “Mən Təbriz şəhərindənəm. Qardaşım ötən il ailəsi ilə birlikdə Azərbaycana gəlmişdi. Mən də onun tövsiyyəsi ilə Qubaya gəldim. Buradan Qəbələyə və Şəkiyə də gedəcəyik. Çox qonaqpərvər, mehriban insanlarınız var. Özümü yad bir ölkədə hiss etmədim. Ən çox bəyəndiyim milli mətbəxiniz oldu”, - deyə iranlı turist söyləyib.
Qubaya gələn əcnəbi qonaqların bir hissəsi kənd evlərində qalmağa üstünlük verirlər. Xınalıq, Amsar, Alpan, Birinci Nügədi kəndlərində turistlərin faydalana biləcəyi evlər var. Həmin evlər ödəniş əsasında turistlərə təqdim olunur. Belə evlərdə gecələmək qonaqlara 15-20 manata başa gəlir. Ev sahibləri turistlərə təsərrüfatlarında becərdikləri məhsullar və hazırladıqları ərzaqları təklif edirlər.
Mehmanxanalarda dincəlmək istəyənlər isə bir gün üçün 40-80 manat ödəməlidirlər. Bura gün ərzində qidalanma və başqa xidmətlər daxildir.
Turizm obyektlərinin sahibləri bildiriblər ki, bu günlərdə rayona gələn turistlərin sayı adi günlərdəkindən iki dəfə çoxdur. Qonaqların əksəriyyətini yerli turistlər təşkil edir. Quba rayonunun Azərbaycan paytaxtına məsafə baxımından yaxın olması da turist axınında böyük rol oynayır.