Azərbaycan Turizm Bürosu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulf Travel Show” sərgisində iştirak edib.
Eləcə də bax: "Qarabağda turizm üçün - Geniş İmkanlar Var"
FED.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.
Məlumata görə, koronavirus (COVID-19) pandemiyası səbəbilə virtual formatda təşkil olunan sərgiyə Yaxın Şərq, Afrika, Asiya, Avropa və Amerikadan olan 1 mindən çox iştirakçı qatılıb.
Sərgi çərçivəsində ATB əməkdaşları 35-dən çox görüş keçiriblər.
Görüş iştirakçılarına işğalçılardan azad edilmiş Qarabağ bölgəsinin turizm potensialı haqda və müvafiq tədbirlərdən sonra bölgənin yeni turizm destinasiyaları sırasına daxil ediləcəyi barədə məlumat verilib. Onlar Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən şad olduqlarını qeyd edərək tezliklə regionu görmək arzusunda olduqlarını bildirib.
Xarici turoperatorlar Azərbaycana böyük maraq göstərdiklərini və səfərlərin təşkilinə davam etmək üçün sərhədlərin açılmasını gözlədiklərini diqqətə çatdırıb.
Onlar, həmçinin pandemiya dövründən sonra turistlərin gigiyena və sağlamlıq təhlükəsizliyi normaları ilə bağlı gözləntilərinin qarşılanması məqsədini daşıyan “SAHMAN” proqramı haqda da məlumatlandırılıblar.