Artıq qış fəsli başlayıb. Bu fəsildə vətəndaşlarımız daha çox harada istirahət etməyə üstünlük verirlər?
Azərbaycanda bu oteldə 4 günlük Yeni İl gecəsi - 11 MİN MANATA BAŞA GƏLİR – QİYMƏTLƏR
FED.az xəbər verir ki, turizm eksperti Əziz Şiriyev bildirib ki, bu qış vətəndaşlar, əsasən, ölkə daxilində istirahət etməyə üstünlük verəcəklər.
"Vətəndaşlarımızın istirahət etmək üçün qış turizm kurortları olan şimal və şimal-qərb rayonlarımıza üz tutacaqları gözlənilir. Əsasən də Qusar bölgəsindəki "Şahdağ" və Qəbələdəki "Tufandağ" istirahət komplekslərinə üstünlük verənlərin çox olduğunu müşahidə edəcəyik. Bundan başqa, turizm şirkətləri, əsasən, bir-iki günlük tur paketləri təqdim edirlər. Paketlərə nəqliyyat xidməti, tur rəhbəri, səhər yeməyi, ekskursiya və fotossesiya daxildir. Birgünlük turların qiyməti Bakıdan olan məsafəyə görə 20-25 manat arasında dəyişir. İkigünlük turların qiymətləri isə 70-85 manat arasında dəyişir. Bura nəqliyyat, qidalanma, hoteldə qalma kimi xidmətlər daxildir", - turizm eksperti deyib.
Qış turizmi üçün xaricdə istirahətə gəldikdə isə Ə.Şiriyev bildirib ki, hazırda belə turların sayı az olsa da, mövcuddur.
"Xaricdə istirahət etmək istəyənlər, əsasən, Misirə, Birləşmiş Ərəb Əmirliklərinə və Türkiyəyə gedirlər. Həmin ölkələrdə beşgünlük turların qiyməti 400-500 dollar arası dəyişir. Turpaketlərə təyyarə bileti, hoteldə qalma, sığorta, səhər yeməyi və transfer daxildir. Ancaq Yeni il ərəfəsində ölkədaxili və xarici turların qiymətlərində bahalaşma olacağı istisna deyil", - Ə.Şiriyev qeyd edib. (Trend)