“Accor” Qrupu yaxın illərdə Azərbaycanda yeni otel brendlərinin açılması istiqamətində bir sıra yeni layihələr həyata keçirməyi planlaşdırır.
Eləcə də bax: Bakıda Trampın keçmiş binasında - BAHALI OTEL AÇILACAQ – ƏTRAFLI
FED.az xəbər verir ki, bu barədə “Accor New East Europe” şirkətinin baş direktoru Aleksis Delaroff məlumat verib.
“Hazırda Azərbaycandakı portfoliomuza iki otel daxildir: məşhur “Alov qüllələri” kompleksində yerləşən möhtəşəm “Fairmont Baku” və 2021-ci ilin yayında açılmış ekonom sinifli “ibis Baku City” oteli. Yaxın vaxtlarda biz Azərbaycanda digər otel brendlərini də təqdim etməyi planlaşdırırıq, belə ki, bu bazar bu regionda qrupun inkişafı üçün əsas bazarlardan biridir”, - deyə Delaroff “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, “Accor Azərbaycanda fəaliyyətlə bağlı müxtəlif istiqamətləri nəzərdən keçirir. “Hazırda biz Azərbaycanın dəniz, sağlamlaşdırma və dağ-xizək kurortlarını, eləcə də Bakıda yeni layihələri nəzərdən keçirərək inkişaf planları qururuq. “Accor” kurort otellərinin sayına görə dünya liderlərinin ilk üçlüyündə yer alır, brendlərimiz bütün dünyada məşhurdur və bizim Azərbaycanın mehmanxana bazarına təklif edəcəyimiz layihələr var”, - deyə o qeyd edib.
Delaroff əlavə edib ki, Qrup 2023-cü ildə Azərbaycanda biznesin tam bərpasına ümid edir. “Pandemiya dövründə biz planlaşdırılmış layihələr üzərində işləməyə davam etdik və 2021-ci ilin yayında yeni “ibis Baku City” otelini açdıq. Bu otel “ibis” şəbəkəsinin “Agora” yeni dizayn konsepsiyasına malik olan ilk otellərindən biri oldu. İndi vəziyyət sürətlə yaxşılaşmağa doğru gedir və hesab edirik ki, 2023-cü il “COVID-19” böhranı zamanı şirkətimizin apardığı təhlilə uyğun olaraq biznesin tam bərpa olunacağı il olacaq”, - deyə o bildirib. (İnterfaks-Azərbaycan)