Onlayn bronlaşdırma sistemi olan booking.com-da bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı 4 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 109 manat təşkil edib.
FED.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin hesabatına istinadən aparılan araşdırmaya görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36 % azdır.
Hesabat dövründə ən yüksək qiymət 223 manat olmaqla Naftalanda qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 % çoxdur.
İkinci yerdə 143 manat olmaqla Qaxın hotelləri qərarlaşıb. Bu, 1 il əvvələ nisbətən 5,1 % çoxdur.
4 ulduzlu hotellər arasında üçüncü yeri isə 121 manat olmaqla Qəbələ tutub. Bu şəhərdə orta qiymət illik müqayisədə 47,5 % artıb.
İsmayıllıda 4 ulduzlu hotellərdə bir gecə qalmaq 120 manata (7,2 % çox), Qubada 114 manata (14 % çox), Qusarda 114 manata (10,2 % çox), Bakıda 109 manata (44,5 % az), Gəncədə 107 manata (1 % çox), Şəkidə 105 manata (16 % çox), Astarada 100 manata (13,1 % az), Göyçayda 90 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Lənkəranda 65 manata (11,5 % az), Sabirabadda 55 manata (qiymət dəyişməyib) başa gəlib. (Report)