Bu ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azalaraq 3 milyon 239,3 min olub.
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gecələmələrin ümumi sayının 55,9 faizi Bakıda, 5,2 faizi Qusarda, 5,1 faizi Naftalanda, 4,7 faizi Xaçmazda, 3,9 faizi Qəbələdə, 3,4 faizi Qubada, 3,0 faizi Lənkəranda, 1,8 faizi Gəncədə, 1,6 faizi Şuşada, 1,5 faizi Şamaxıda, hər birində 1,2 faiz olmaqla Naxçıvan Muxtar Respublikası və Masallıda, hər birində 1,1 faiz olmaqla Şabran və Qaxda, 9,3 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
9 ayda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azalaraq 1845,6 min olub ki, bu da ümumi gecələmələrin 57 faizini təşkil edib. Gecələmələrin ümumi sayının 12,1 faizi Türkiyə, 11,3 faizi Rusiya, 9,2 faizi İsrail, 6,0 faizi Səudiyyə Ərəbistanı, 5,8 faizi Hindistan, 5,4 faizi Çin, hər biri 4,2 faiz olmaqla Pakistan və Özbəkistan, 4,1 faizi Qazaxıstan, 2,5 faizi Böyük Britaniya, hər biri 2,3 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və ABŞ, 1,6 faizi Almaniya, 1,3 faizi Küveyt, 1,1 faizi İtaliya, 1,0 faizi Gürcüstan, hər biri 0,7 faiz olmaqla Cənubi Koreya, İran və Ukrayna, 23,5 faizi isə digər ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,4 faizi Bakıda, 5,4 faizi Naftalanda, 5,1 faizi Qusarda, 2,8 faizi Qəbələdə, 1,3 faizi Qubada, 4,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Azərbaycan vətəndaşlarının mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirdiyi gecələmələrinin sayı 1393,7 min olub ki, bu da ümumi gecələmələrin 43 faizini təşkil edib.
Hesabat dövründə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,6 faiz artaraq 497,3 milyon manat olub ki, onun da 63,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,9 faizi ictimai iaşə xidmətlərindən, 2,6 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
9 ayda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 23,0 faiz olub (2025-ci ilin yanvar-sentyabr aylarında 25,0 faiz). Bu göstərici Naftalanda 46,2 faiz, Neftçalada 42,8 faiz, Şabranda 40,7 faiz, Bakıda 33,2 faiz, Sabirabadda 29,6 faiz, Laçında 28,6 faiz, Qusarda 27,8 faiz, Lənkəranda 22,3 faiz, Qəbələdə 21,8 faiz, Xankəndidə 20,9 faiz, Şamaxıda 20,5 faiz, Beyləqanda 19,1 faiz, Bərdədə 18,7 faiz, Qubada 16,9 faiz, digər şəhər və rayonlarda isə 16,9 faizdən aşağı olub.














