2024-cü ildə Azərbaycanda fəaliyyət göstərən hotellər 1 milyon 354 min əcnəbi qəbul edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 273 min nəfər, başqa sözlə 25% çoxdur.
Ölkəyə gələn xarici turistlərin 1 milyon 134 min nəfəri, yəni 84%-i paytaxt Bakının, 219 min nəfəri və ya 16%-i regionlardakı hotellərdə gecələyib. Başqa sözlə, ölkəyə gələn hər 6 xarici turistin 5-i Bakıda, 1-i region otellərində qalıb.
Bakı otellərindəki xarici turistlərin sayı 199 min nəfər (21%), regionlarda isə 74 min nəfər (51%) artıb.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycandakı hotelləri 1 milyon 81 min xarici turist qəbul edib ki, onun da 936 min nəfəri, başqa sözlə 87%-i Bakının, 146 min nəfəri və ya 13%-i isə regionların payına düşüb.