Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3170,4 min və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Eləcə də bax: Azərbaycana Çindən gələn turistlər azalacaqmı? – AGENTLİKDƏN AÇIQLAMA
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 29,4 faizi Rusiya Federasiyası, 22,9 faizi Gürcüstan, 10,0 faizi Türkiyə, 8,1 faizi İran, 3,4 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Hindistan, 1,9 faizi Ukrayna, hər birindən 1,6 faiz olmaqla Türkmənistan və İraq, hər birindən 1,5 faiz olmaqla Qazaxıstan, Pakistan və İsrail, 1,2 faizi Böyük Britaniya, 11,0 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 66,6 faizini kişilər, 33,4 faizini isə qadınlar təşkil etmişdir.
Ölkəmizə 2019-cu ildə gələnlərin sayında daha çox artım Türkmənistan (84,2 faiz), Hindistan (66,8 faiz), Çin (62,4 faiz), Misir (55,6 faiz), Malayziya (54,9 faiz), Səudiyyə Ərəbistanı (46,3 faiz), Macarıstan (33,6 faiz), Polşa (31,1 faiz), Özbəkistan (28,4 faiz), Qazaxıstan (25,7 faiz), Böyük Britaniya (25,5 faiz), Filippin (24,6 faiz), İspaniya (24,2 faiz), Cənubi Koreya (19,9 faiz), Almaniya (19,2 faiz) və Gürcüstan (18,8 faiz) vətəndaşları arasında qeydə alınmışdır.
Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 21,3 faiz artaraq 136,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,3 faiz artaraq 1141,5 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı isə əvvəlki illə müqayisədə 0,9 faiz azalaraq 549,0 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,7 faizi dəmir yolu və avtomobil, 40,5 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.