Oktyabrın 24-də Dövlət Turizm Agentliyinin dəstəyi və Qarabağ Regional Turizm İdarəsinin təşkilatçılığı ilə Xankəndi şəhərində “Turizm sənayesində Dövlət-Özəl Əməkdaşlığı və Şəbəkələşmə” mövzusunda tədbir keçirilib.
Azərbaycanlı turistlər Gürcüstana 169 milyon dollar qazandırıb
FED.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Qarabağ Universitetinin, həmçinin Xankəndi, Xocalı, Ağdərə, Ağdam və Şuşada fəaliyyət göstərən turizm sənayesi təmsilçiləri və dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər vurğulayıblar ki, Qarabağın zəngin təbiəti, mədəni və tarixi abidələri bölgədə turizmin geniş inkişafına böyük imkanlar yaradır. İşğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri yeni turizm istiqamətlərinin formalaşmasına şərait yaradır. Artıq bölgədə yeni ictimai iaşə obyektləri, otel və restoranlar fəaliyyətə başlayıb ki, bu da turistlərin cəlb olunmasına müsbət təsir göstərir.
Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə 37 yerləşmə müəssisəsi fəaliyyət göstərir ki, onların 20-si Xankəndi şəhərində yerləşir. Dövlətin turizm sektoruna göstərdiyi dəstək nəticəsində bu sahədə yeni obyektlərin sayı gündən-günə artır. Son aylar bölgəyə həm yerli, həm də xarici turistlərin axını xeyli yüksəlib və təkcə yay mövsümündə azad olunmuş ərazilərə 500 mindən çox turist səfər edib.
Turistlərin bölgəyə təhlükəsiz və rahat səfərlərinin təmin edilməsi məqsədilə bütün şərait yaradılıb. “Yolumuz Qarabağa” və “e-Polis” portalları vasitəsilə vətəndaşlar səfər icazələrini onlayn qaydada əldə edə bilirlər.
Qeyd edək ki, tədbirin ikinci hissəsində dövlət qurumlarının nümayəndələri ilə panel müzakirəsi təşkil olunub, turizm sahəsində dövlət-özəl tərəfdaşlığının inkişafı və bu istiqamətdə dövlət dəstəyi barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Tədbirdə regionun turizm sənayesini təmsil edən şirkət və təşkilatların nümayəndələri fəaliyyət istiqamətləri, həyata keçirilən təşəbbüslər, gələcək planlar və təkliflər barədə təqdimatlar ediblər.
















