Bu lotereyada iştirak edib hazırda Amerikada yaşayanlardan bu ilin qalibi olub okeanın o tayına getməyə hazırlaşanlara və növbəti il üçün müraciət etmək istəyənlərə qızıl kimi məsləhətlər
Dünyada “Amerika arzusu” ilə yaşayanların sayı milyonlarladır. Bu səbəbdən ABŞ-da daimi yaşamaq, işləmək imkanı yaradan “Greencard”a hər il milyonlarla insan müraciət edir, 55 min insan qalib gəlir. Hər il oktyabr-noyabr ayında müraciətlər qəbul edilir, növbəti ilin may ayında nəticələr açıqlanır. Bu günlərdə ötənilki nəticələr elan edildi. “Bu il də alınmadı” deyənlərlə yanaşı, qalib gələnlər də var. Nəticələr açıqlanandan sonra “Greencard” udmaqla iş bitmir” kimi fikirlər səsləndirənlər də az olmadı. Necə bitmir? Bundan sonra onları nə gözləyir? Amerikaya necə hazırlaşmalı?
“Bir az çətin olacaq, amma…”
FED.az bildirir ki, Elvin Quliyev bu ilin qaliblərindəndir. Deyir ki, Amerikaya köçmək üçün özünü hələ tam hazır hiss etmir, amma hazırlaşmaq üçün vaxt var: “Hazırda magistr təhsili alıram. Həyatımın bu yerində həyat mənə kartları yenidən paylayıb. Viza və sənədləşmə prosedurları təxminən 1 il çəkir, bu müddətdə hazırlaşmalıyam. Bilirəm ki, Amerikaya getmədən öncə mütləq ingiliscə biliklərini artırmalı, mütləq bir prioritet peşəyə yiyələnməli və başlanğıc üçün tanışlarının olduğu yerə getməlisən. ABŞ üçün bizim Azərbaycan və ya Avropadakı təhsilimiz, iş təcrübəmiz böyük önəm kəsb etmir. Ona görə orada yenidən təhsil almaq, yeni adaptasiya mərhələsi, müəyyən müddət günəmuzd işlərdə işləmək kimi həll etməli olduğum şeylər olacaq”.
İş cəhətdən rahat olmaq üçün…
Ötən illərdə “Greencard” qalibi olub hazırda Amerikada yaşayanların da təcrübəsini öyrəndik. Mərhəmət Əliyev deyir ki, ingilis dili biliyinin üzərində yaxşı işləmək lazımdır: “Burda qohumum olduğu üçün 20-25 gün onun evində qaldım, ona görə xüsusi çətinlik yaşamadım. Amerikada iş tapmaq da problem deyil. İngilis dili biliyim var idi, amma yetərsiz olması insanlarla ünsiyyətdə, iş tapmaqda çətinlik yaradırdı. Qarşınızdakı ilə bir mövzu haqqında müzakirə edirsiniz, amma siz yaxşı başa düşmürsünüz. Yaxud iş üçün müraciət etdiyim “Tesla” şirkəti ingiliscəm zəif olduğu üçün qəbul etmədi. İş cəhətdən rahat olmaq üçün dil biliyini mümkün qədər yaxşı inkişaf etdirsinlər”.
“Yaxşı ştat seçin”
Bostonda "JPMorgan Chase & Co."da çalışan Xədicə Aşurova deyir ki, dil biliyinin üzərində işləməklə yanaşı, ştat seçimini də düzgün etmək önəmlidir: “Gəlirsinizsə, birinci ingilis dili üzərində işləmək lazımdır. Amerikada pulsuz dil kursları var, gələndə onlardan da yararlanmaq olar. Bəzi işlər var ki, rus dili bilənlər orda işləyə bilərlər. Ancaq ingilis dilin nə qədər yaxşı olsa, işin o qədər sürətli gedər. Sonra yaşayacağın ştatı seçməlisən. Həmin ştatın insanları, havası, nəqliyyatı necədir? Orda iş imkanları, əməkhaqqı, yaşamaq üçün əlverişli şəhərləri araşdırsınlar”.
Xədicə deyir ki, Amerikaya gedəndə üzərinizdə iki ay üçün xərclik olması önəmlidir: “İlk iki ay adaptasiya dövrüdür. Məndə bir ay oldu, amma iki ay üçün üzərinizdə pul olmalıdır”.
“Senator, prezident seçə və ya seçilə bilmirsiniz”
Bəs dil biliyi, ştat seçimindən başqa diqqət edilməli hansı məqamlar var? Bunlarla bağlı isə Turqut Əliyevlə həmsöhbət olduq. T.Əliyev “Greencard” qalibi olub Amerikada yaşayır. O hazırda bu proqramla qalib olub Amerikaya gələnlərə dəstək olur. T.Əliyev deyir ki, “Greencard” ABŞ-da daimi yaşamaq üçün verilən sənəddir. Bunu bir neçə yolla almaq mümkündür: “Amerikada bir müddət yaşayaraq da alına bilər. Məsələn, tələbə kimi, yaxud hər hansı viza ilə gəlmisiniz, bir müddət leqal yolla yaşayırsınızsa, sizə “Greencard” verilir. Bunun müddəti 5 il olur. Yaxud Amerikada yaşayan biri ilə evlənirsiniz, bu zaman da “Greencard” ala bilirsiniz. Digəri isə milyonlarla insanın müraciət etdiyi lotereya kimi olan “Greencard”dır. Bu, adətən, 10 illik verilir, amma 10 ilin tamamında yenilənir. “Greencard”la gələndə Sizi Amerika vətəndaşlarından ayıran bir hüquq var. Senator, prezident seçə və ya seçilə bilmirsiniz. Qalan hüquqlar eynidir. Üstəlik, öz ölkənin vətəndaşlığını da itirmirsən”.
Şəkil köhnə olsa, seçilməyəcəksiniz
T.Əliyev müraciətlə bağlı diqqət edilməli məqamlardan da danışdı: “Qeydiyyatdan keçən zaman məlumatları düzgün doldurmağa diqqət edilməlidir. Şəkil də istənilir. Şəkli evdə də çəkdirə bilərsiniz, amma yeni olmalıdır. Ötən ilin şəklini əlavə etsəniz, viza verilməyəcək. “Greencard” üçün xarici pasport və attestat lazımdır. Attestat olmadan “Greencard”la Amerikaya gəlmək mümkünsüzdür. Attestat yoxdursa, kollec oxumusunuzsa, bu zaman verilən sənəd də yetərlidir. Yəni 11 sinif təhsil almaq yetərlidir. Ali təhsil vacib deyil, peşə fərqi yoxdur. 16 yaşından yuxarı hər kəs müraciət edə bilər. Oğlanlara hərbi bilet lazımdır. Evli və ya subaysınıza, bunu yazmalısınız”.
T.Əliyev deyir valideynlərdən hansısa qalib olubsa, ailə üzvləri də artıq bu ölkəyə köçmək hüququ qazanırlar: “Ancaq övladların yaş limiti 21-dir. Ailədə 2 uşaq var, birinin 17, birinin 25. Bu zaman 17 yaşı olan gedə bilər, 25 yaşı olan yox. Ancaq övlad qalib olursa, valideynləri apara bilmir. Övlad “Greencard” qalibi olub Amerikada 5 il yaşayırsa, ona vətəndaşlıq verilir. Övlad Amerika vətəndaşı olduqda valideynə “Greencard” verilir”.
Qalib gələnlərin sənədlərini dəqiqliklə vaxtında hazır etmələri vacibdir: “Doğum haqqında şəhadətnamə, məhkumluğun olub-olmaması, oğlanlar üçün hərbi bilet, nikah şəhadətnaməsi, yaxud subaylıq haqqında arayış kimi sənədlərin ingilis dilində tərcümə təsdiqini saxlatdırın. Bütün sənədlər əlinizdə olmalıdır”.
T.Əliyevin sözlərinə görə, qalib olan şəxs qalib olduğu gündən növbəti ilin aprelin 30-na kimi DS 260 formasını doldurmalıdır. Əks halda “Greencard” qalibiyyətini itirmiş sayılır: “Məsləhətdir ki, DS 260 forması qalib olduğunuz ilk ayda doldurulsun. Çünki vizaya çağırılma sürətini o qədər artırır. Ailəlisinizsə, DS 260 formasını doldurursunuzsa, mütləq uşağa pasport alın. Pasportlarınızın etibarlılıq müddətinin bitməsinə 3-4 il qalıbsa, yeniləyin. DS 260 formasında sizə hər şeylə bağlı suallar verilir. Hətta qayınata, qayınananızla bağlı məlumatlar da soruşulacaq. Bütün məlumatları düzgün vermək lazımdır”.
“DS 260 formasını doldurana qədər evlənin”
T.Əliyev deyir ki, evlənməyi planlaşdırırsınızsa, bunu DS 260 formasını doldurana qədər edin: “Rəsmi nikaha girib toyunuzu sonra da edə bilərsiniz. Yoxsa sonra ailəni gətirmək çətin olur. Haradasa 2-3 il çəkir”.
Tək gedirsinizsə, bank hesabınızda 10-12 min dollar olmalıdır: “Greencard” sizi nə ev, nə də işlə təmin etmir. Sosial müdafiə nömrəsi alıb işləyənə kimi Amerikada yaşamaq üçün sizə pul lazımdır. Bu səbəbdən bank hesabında adambaşına 10-12 min dollar pul olmalıdır. Ailəli adamlar daha çox pul qoysalar, daha yaxşı olar. Yəni bank hesabınızda bu qədər pul olması ilə bağlı arayış təqdim etməlisiniz”.
T.Əliyev deyir ki, “Greencard” qazanan ailəli adamların ilk vaxtlar tək getmələri məsləhətdir: “99 faizi tək gəlirlər. Bir neçə aya yerləşirlər, sənədlərini alırlar, işə başlayan kimi ailəni də gətirirlər”.
2000 dolları bu işlərə verməyin
T.Əliyev birbaşa rəsmi sayt vasitəsilə qeydiyyatı məsləhət görür: “Greencard Azərbaycan” şirkəti də var. Onlar sizdən pul alırlar və sizin yerinizə müraciət edirlər. Sizə xidmət göstərirlər. İngilis diliniz zəifdirsə, bununla bağlı kurs təşkil edirlər, DS 260 dediyimiz formanı doldururlar. Ancaq burda problem yaşayanlar da olub.
Şirkət vasitəsilə gələndə iş tapılmasına köməklik edilməsi məsələsi var. Ancaq heç də həmişə köməklik edilmir. Əgər iş tapmırlarsa, ödədiyiniz pulun yarısını sizə qaytarırlar.
Amerika səfirliyi bir neçə dəfə paylaşım edib ki, bu prosesləri özünüz pulsuz da keçə bilərsiniz, əlavə xidmətlərə pul (söhbət 2000 dollardan yüksək məbləğdən gedir) verməyin”.
(Kaspi.az)